Moldovada Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illiyinə həsr olunmuş ziyafət verilib

Moldovada Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illiyinə həsr olunmuş ziyafət verilib
# 30 may 2018 13:36 (UTC +04:00)

Azərbaycanın Moldovadakı səfirliyi tərəfindən Azərbaycan Demokratik Respublikasının yaranmasının 100 illiyinə həsr olunmuş ziyafət verilib.

APA-nın məlumatına görə, tədbirdə Moldova rəsmiləri, o cümlədən Moldovanın hakim partiyasının sədri Vlad Plaxotnyuk, nazirlər, Moldova parlamentinin birinci vitse-spikeri və deputatları, Moldovada akkreditə olunan səfirlik və baş konsulluqların, eləcə də beynəlxalq təşkilatların rəhbərləri və əməkdaşları, Moldovanın tanınmış ictimai-siyasi xadimləri, yerli KİV nümayəndələri, Moldova Azərbaycanlıları Konqresinin üzvləri, biznes və ticarət sahəsində ölkənin qabaqcıl iş adamları və digər qonaqlar iştirak ediblər.

Tədbirdə çıxış edən Azərbaycanın Moldovadakı səfiri Qüdsi Osmanov bildirib ki, 100 il bundan əvvəl 28 may 1918-ci ildə ilk dəfə olaraq Şərqdə dünyəvi dəyərlərə söykənən demokratik və müstəqil Azərbaycan Respublikası yaradılıb. Diplomat qeyd edib ki, yeni qurulmuş Respublika qısa müddət ərzində böyük nailiyyətlər əldə edib, həmin dövrdə müstəqil dövlətin əsasları, ölkəmizin 70 il sonra yenidən müstəqillik əldə etməsi üçün təməl qoyulub.

Azərbaycan ilə Moldova arasında dostluq münasibətlərinə toxunan səfir bu əlaqələrin qarşılıqlı maraq və əməkdaşlıq əsasında qurulduğunu qeyd edib, iki ölkənin oxşar sevinc və problemlərindən danışıb. O, Moldovanın Dağlıq Qarabağ münaqişəsində beynəlxalq hüquq prinsip və normalarından irəli gələrək, Azərbaycanın haqlı mövqeyini müdafiə etdiyini, bu dəstəyin Azərbaycan üçün böyük əhəmiyyət kəsb etdiyini və Moldovanın da oxşar problemində Azərbaycanın daim onun yanında olacağını qeyd edib.

Sonra Moldova iqtisadiyyat və infrastruktur naziri, Azərbaycan-Moldova arasında hökumətlərarası komissiyanın Moldova tərəfindən sədri Kirill Qaburiç çıxış edib. Dövlətlərimiz arasında mövcud olan sıx və mehriban ikitərəfli münasibətlərə toxunan nazir bu əlaqələrin istər regional, istərsə də beynəlxalq təşkilatlar səviyyəsində arzu olunan müstəvidə inkişafından öz məmnunluğunu ifadə edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR