Azərbaycan prezidenti “ASAN ödəniş” sistemi haqqında Əsasnamə”ni təsdiqləyib

Azərbaycan prezidenti “ASAN ödəniş” sistemi haqqında Əsasnamə”ni təsdiqləyib
# 12 fevral 2015 08:20 (UTC +04:00)

Bakı – APA. Azərbaycan prezidenti İlham Əliyev “ASAN ödəniş” sistemi haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə fərman imzalayıb.

APA-nın məlumatına görə, Nazirlər Kabinetinə tapşırılıb ki, müvafiq Azərbaycan Respublikası Prezidentinin aktlarının və Nazirlər Kabinetinin normativ hüquqi aktlarının bu fərmana uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin, “ASAN ödəniş” sisteminə qoşulmaq üçün texniki tələbləri və “ASAN ödəniş” sistemindən istifadə qaydalarını iki ay müddətində Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla müəyyən etsin, mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının bu fərmana uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin, fərmandan irəli gələn digər məsələləri həll etsin.

Ədliyyə Nazirliyinə mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların bu fərmana uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat vermək, Maliyyə Nazirliyinə isə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi ilə birlikdə, “ASAN ödəniş” sisteminin fəaliyyətinin təşkili, idarə olunması və saxlanılması xərclərinin maliyyələşdirilməsinə dair təkliflərini bir ay müddətində Azərbaycan Respublikasının Prezidentinə təqdim etmək tapşırılıb.

İnzibati xətalar haqqında işlərə baxmağa səlahiyyəti olan orqanlar (vəzifəli şəxslər) informasiya sistemləri və ehtiyatlarının “ASAN ödəniş” sisteminə qoşulması üçün zəruri tədbirlər görməli, inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərarların, yol hərəkəti qaydaları əleyhinə olan inzibati xəta haqqında protokolların, xüsusi texniki vasitələrin köməyi ilə aşkar olunmuş inzibati xətaların törədilməsinin foto və ya video görüntülərinin real vaxt rejimində “ASAN ödəniş” sisteminə ötürmək məqsədilə proqram təminatının dayanıqlı, fasiləsiz və təhlükəsiz fəaliyyətini təmin etməlidir.

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinə “ASAN ödəniş” sisteminin fəaliyyətinin təşkili və ondan səmərəli istifadənin təmin edilməsi üçün zəruri tədbirlər görmək, “ASAN ödəniş” sistemi vasitəsilə fərmanda nəzərdə tutulmuş dövlət orqanları arasında məlumat mübadiləsini və əməliyyatları təhlükəsiz və operativ şəkildə həyata keçirmək məqsədi ilə vahid inteqrasiya və mobil xidmətlər şlüzündən (m-Gov) istifadə olunmasını təmin etmək tapşırılıb.

Azərbaycan Respublikası Xüsusi Dövlət Mühafizə Xidmətinin Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Agentliyi isə dövlət orqanlarının “ASAN ödəniş” sisteminə qoşulması üçün onları zəruri telekommunikasiya kanalları ilə təmin etməli, “ASAN ödəniş” sisteminin təhlükəsizliyinin təmin edilməsi üçün müvafiq tədbirlər görməlidir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR