Serbiyada "rəngli inqilab” təhlükəsi - Qərb müstəqil siyasət yürüdən Belqradı bağışlamaq istəmir - TƏHLİL

Aleksandar Vuçiç

© APA | Aleksandar Vuçiç

# 26 dekabr 2023 16:06 (UTC +04:00)

Hamının diqqəti Yaxın Şərqdə baş verənlər və Odessa, Donetsk ətrafında döyüşlərdə olduğu vaxtda Balkanlarda İkinci Dünya müharibəsindən bu yana davam edən Qərb-Rusiya qarşıdurması bu dəfə də özünü göstərmiş oldu. Hərçənd Serbiyada baş verənlərin inqilaba cəhd, yoxsa “Maydan” olması ilə bağlı ayrı-ayrı ekspertlər arasında fikir ayrılığı olsa da, aydındır ki, seçkilərdən sonra Belqradda baş verənlər birbaşa və dolayısı ilə Vaşinqton-Moskva siyasi və təhlükəsizlik institutlarının izləri ilə müşayiət olundu. Beləcə, birmənalı şəkildə baş verənlər Qərbdəki bəzi dairələrin müstəqil siyasət yürüdən Serbiyanın daxili işlərinə qarışmaq və sözə baxmayan hökuməti yenisi ilə əvəzləmək cəhdidir.

Etirazlara cavab olaraq Serbiya prezidenti Aleksandar Vuçiçin “Belqradda etirazlar nəticə verməyəcək, çünki Serbiyada hakimiyyət yalnız seçkilər yolu ilə dəyişir” bəyanatı onu göstərdi ki, hakimiyyət küçə iğtişaşlarını yatırtmağa hazırdır və Qərbin “rəngli inqilab” ssenarisinin 2000-ci ildən fərqli olaraq bu dəfə bu coğrafiyada baş tutacağı inandırıcı görünmür.

Xatırladaq ki, dünyada ilk dəfə “rəngli inqilab” ssenarisi məhz Serbiyada 2000-ci ildə o vaxtki prezident Slobodan Miloşeviçə qarşı baş tutmuşdu. 2001-ci il aprelin 1-də Slobodan Miloşeviç vəzifə səlahiyyətlərindən sui-istifadə və korrupsiya ittihamı ilə öz iqamətgahında həbs edilmiş, iyunun 28-də Zoran Cinciçin təşəbbüsü ilə Haaqa Tribunalına verilmişdi. Miloşeviç 2006-cı il martın 11-də həbsxanada vəfat etdi. Miloşeviçin hakimiyyətdən getməsindən sonra Qərb arxayın şəkildə Kosovo məsələsində və ümumilikdə Balkanlarda geosiyasi planlarını həyata keçirməyə başladı. 2008-ci il fevralın 17-də Kosovo müstəqilliyini elan etdi. Lakin bütün bunlara baxmayaraq, Qərb “rəngli inqilab”dan sonra belə Serbiyanın müstəqil, suveren dövlət olmaması üçün əlindən gələni etməkdə davam etdi. Nəticə etibarilə qonşu ölkələrlə müqayisədə Belqrada qarşı ikili standartlar bütün bu illər ərzində davam etməkdə idi.

Son dövrlərdə isə 1990-cı illərdə olduğu kimi yenidən Balkanlarda Qərb-Rusiya qarşıdurması kəskin mərhələsinə qədəm qoyub. Serbiya lideri Aleksandar Vuçiçin Kosovanın müstəqilliyini tanımaqdan boyun qaçırması, Ukraynadakı müharibə fonunda Moskvaya qarşı sanksiyalara dəstək verməməsi və qoşulmaması, xarici siyasət istiqamətləri ilə bağlı ümumAvropa trendinə qoşulmaması onun hökumətinin başının üzərində Soros və ona yaxın olan qrupların cızdığı “rəngli inqilab” ssenarisinin reallaşdırılması üçün müxalifətin küçələrə çıxarılması ilə nəticələndi.

Artıq bir neçə gündür ki, “Serbiya zorakılığa qarşı” müxalifət blokunun tərəfdarları seçki komissiyası qarşısında nümayişə toplaşıblar. Etirazçılar özləri ilə Serbiya və Avropa İttifaqının bayraqlarını gətirib, hökumət əleyhinə şüarlar altında aksiya keçirir, administrasiya binasına daş atır və ora basqın etməyə cəhd edirlər.

Aleksandar Vuciç təcili olaraq xalqa müraciət edərək vurğulayıb ki, "Belqrad administrasiyasını ələ keçirmək cəhdi ölkənin suverenliyinə hücumdur, lakin inqilab deyil. Vəziyyət tam nəzarət altındadır". O, həmçinin bildirib ki, hakimiyyət iğtişaşların hazırlanması barədə əvvəlcədən xarici kəşfiyyat xidmətlərindən öyrənib. (Rusiya hadisədən əvvəl Belqrada məlumat ötürüb).

Baş nazir Anna Brnabiç isə bəyan edib ki, Rusiya kəşfiyyat xidməti Belqraddakı etirazlar zamanı baş verə biləcək insidentlər barədə əvvəlcədən onlara məlumat verib. O, həmçinin, bir neçə xarici səfirlə məlumatı paylaşdığını deyib, bildirib ki, bununla belə həmin səfirlər onları dezinformasiya, yalanlar yaymaqda qınayıb, onları Rusiya xidmətinə güvəndiklərinə görə ittiham edib, bütün bunların cəfəngiyyat olduğunu söyləyiblər.

Son 2 gündə isə, yüzlərlə tələbə daha kütləvi şəkildə Özünüidarə Nazirliyinin qarşısına toplaşaraq seçici siyahılarındakı pozuntuların və səslərin oğurlanması ilə bağlı şübhələrin araşdırılmasını tələb edib.

Müxalifət Serbiya prezidenti Aleksandar Vuçiçi və onun hakim partiyası olan Serbiya Tərəqqi Partiyasını (SPP) bülletenləri kütləvi şəkildə qutulara atmaqda, seçicilərə rüşvət vermək və digər vasitələrlə nəticələrini saxtalaşdırmaqda ittiham edir.

SPP rəsmi məlumatlara görə, parlament seçkilərində səslərin 47%-dən çoxunu toplayıb və hakimiyyətdə qalıb. Belqrad uğrunda seçkilərdə isə vəziyyət daha qəlizdir. Belqradda ilkin nəticələrə görə, prezidentyönlü koalisiya 39,34%, “Serbiya zorakılığa qarşı” müxalifət bloku isə 34,27% səs toplayıb. Belqradın meri şəhər məclisi tərəfindən seçilir.

Müxalifət xüsusilə Belqrad Şəhər Şurasına seçkilərin nəticələrini qəbul etmək istəmir. Onların fikrincə, hakimiyyət kütləvi şəkildə regionlardan qanunsuz şəkildə seçiciləri Belqrada gətirib.

Hakimiyyət isə, öz növbəsində müxalifətin arxasında xarici qüvvələrin dayandığını və əsas məqsədin Serbiyanın azad və müstəqil siyasət aparmasına qəsd olduğunu bəyan edir.

Beləcə, hadisələr göstərir ki, nə Serbiyada, nə də Macarıstanda siyasi hakimiyyətlər inqilab, maydan və ya dövlət çevrilişindən sığortalanmayıbr və hər iki liderin son addımlarına Qərbdə həssaslıqla yanaşılır. Vuçiçin Rusiya və Kosovo ilə bağlı tutduğu mövqe ABŞ və Aİ tərəfindən xoş qarşılanmır.

O da faktdır ki, Serbiya hakimiyyəti iğtişaşlara hazır idi və hətta bu gün Qərbin qeyd-şərtsiz dəstəyi ilə yeni parlament seçkiləri keçirilsə belə, yeni seçki fərqli nəticələrə gətirib çıxarmayacaq, ölkə səviyyəsində həm Vuçiçə, həm də onun partiyasına dəstək verilir. Görünür, müxalifət gələcəkdə situasiyanı sarsıtmaq, növbəti raundda təkcə paytaxt səviyyəsində deyil, həm də bütün ölkədə "şübhədə olan seçiciləri" öz tərəfinə çəkmək uğrunda savaşa başlayır. Beləliklə, yaxın vaxtlarda da Kosovo və Serbiyada ABŞ, Rusiya və Çinin növbəti addımlarına şahidlik edəcəyik. Çünki Serbiya potensial bombadır və Serbiyaya nəzarət etmək həm Vaşinqton, həm də Moskva üçün hava və su qədər vacibdir.

Son baş verənlər bir daha onu deməyə əsas verir ki, beynəlxalq münasibətlər sistemində bir qrup aktor digər dövlətlərə diqtə edərək müəyyən qrupların məqsədlərinin reallaşdırılması üçün ən çirkin əməllərdən belə çəkilmək niyyətində deyil. Bir zamanlar Azərbaycana təzyiq edərək Qarabağdan əl çəkməyimiz üçün addımlar atan bəzi qlobal oyunçular bu dəfə rəsmi Belqradın onların diqtəsi ilə oturub-durması üçün Vuçiçə qarşı inqilab ssenarisini hazırlayıblar. Bu yaxınlarda qoca qitənin iki dövlətinin – Fransa və Almaniyanın açıq şəkildə Belqradı Kosovanı tanımağa çağırması, hətta Serbiyanı təhdid etməkdən belə çəkinməməsi bu acı siyasətin bariz nümunəsidir. Serbiya hökumətinin bu tələbə əməl etməməsinin ardından isə iğtişaşlara start verildi.

Adları hər kəsə məlum olan Qərbin müxtəlif təşkilatları istər Azərbaycanda, istərsə də müstəqil siyasət yürüdən digər ölkələrdə iğtişaşlar törətmək, hakimiyyət çevrilişi etmək üçün bütün alətlərdən istifadə etməyə daim hazır olublar. USAİD, NED, NDİ və digər təşkilatların xətti ilə Qərbin diqtəsini yerinə yetirməyə çalışdığı ölkələr Serbiya kimi bunun əleyhinə çıxdıqda, iğtişaşlar törətmək, loyal hakimiyyətlərin qurulmasına nail olmaq siyasətini qabartmaq meylləri ortaya atılır. Eyni qaydada Azərbaycanı da uzun illər ərazilərinin işğalı ilə barışmağa məcbur etmək istəyiblər, eyni ssenari ilə burada da çevrilişlər planları olub, amma bu ssenarilər baş tutmayıb.

Yuxarıda sadalananlar bir daha sübut edir ki, Serbiyada baş verənlərin ölkədəki daxili narazılığın deyil, xarici sifarişin təzahürü olduğunu əminliklə söyləmək olar. Beləcə, Qərb Serbiya xalqının seçiminə hörmət etməyərək öz geosiyasi ambisiyasını bütün vasitələrlə həyata keçirməkdə israrlıdır.

Prezident yanında Dövlət İdarəçilik Akademiyasının müşaviri, Bakı Politoloqlar Klubunun sədri Zaur Məmmədov

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR