“Nar Mobile” tələbə gənclər üçün təcrübə platforması yaradacaq

“Nar Mobile” tələbə gənclər üçün təcrübə platforması yaradacaq
# 07 mart 2014 11:51 (UTC +04:00)

Bakı. Aynur Əliyeva - APA-Economics. Təhsil, elm və innovasiyalara böyük önəm verən “Azerfon” şirkəti (“Nar Mobile” ticarət nişanı) “Enactus” (Enterpreunial. Action. Us.) proqramı ilə yeni əməkdaşlıq haqqında müqavilə imzalayıb.

Şirkətdən “APA-Economics”ə verilən məlumata görə, 2014-cü ildə daha böyük hədəflərə çatmaq, yeni əməkdaşlığa başlamaq və cəmiyyətə daha çox effektiv təsir etməyi planlaşdıran “Enactus” üçün Azərbaycanın ən böyük telekommunikasiya şirkətlərindən olan “Nar Mobile” ilə tərəfdaşlıq xüsusi əhəmiyyət daşıyır.

Qeyd edək ki, 39 ölkədən olan 57 min tələbə və 1 600-dən artıq komandanın qatıldığı “Enactus” proqramı 2006-cı ildən etibarən Azərbaycanda da fəaliyyət göstərir. Bu il 14 universitet komandası və təqribən 550-dən artıq tələbənin iştirakı ilə təşkil olunacaq X Enactus Milli Yarışı böyük maraq doğurur. “Enactus” proqramı çərçivəsində tələbələrin yaratdıqları komandalar öz fikir və ideyalarını işgüzar mühitlə bölüşürlər. İnsanların həyat standartlarının keyfiyyətinin yüksəldilməsi məqsədi daşıyan bu layihələrdə tələbələr bazar iqtisadiyyatı, liderlik xüsusiyyətləri, maliyyə uğuru ilə biznes etikası kimi özlərinə, cəmiyyətə və ölkələrinə fayda verən nəzəriyyələri öyrənir və öz təcrübələrini bölüşürlər.

Bu təşəbbüsə həvəslə qatılan “Nar Mobile” mobil operatoru tələbələrə, ölkə gənclərinə yeni ideyalarla çıxış etmələri, iş təcrübəsi toplamaları və özlərini doğrultmaları üçün mükəmməl bir platforma yaradır. Beləliklə, tələbələr özlərini biznes mühitində hiss edərək, mobil operatorun gündəlik iş fəaliyyətinə öz töhfələrini verəcəklər. Onların arasından seçilən ən istedadlı gənclər gələcəkdə “Nar Mobile” mobil operatorunda işlə təmin olunmaq fürsəti əldə edəcəklər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR