Rövnəq Abdullayev: “2025-ci ilədək Azərbaycanın tədarük edəcəyi qaz 40-50 milyard kubmetr olacaq” - FOTO

Rövnəq Abdullayev: “2025-ci ilədək Azərbaycanın tədarük edəcəyi qaz 40-50 milyard kubmetr olacaq”  - <span style="color: red;">FOTO
# 05 dekabr 2013 16:18 (UTC +04:00)

APA-nın Türkiyə müxbiri xəbər verir ki, panelə Türkiyənin enerji və təbii ehtiyatlar naziri Taner Yıldız, Albaniyanın iqtisadiyyat, ticarət və enerji naziri Z.Damian Gjiknuri, Azərbaycan Dövlət Neft Şirkətinin prezidenti (ARDNŞ) Rövnəq Abdullayev, BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Qordon Birrell, İraq Enerji İnstitutunun direktoru, İraq Məclisinin enerji komissiyasının müşaviri Luay Cavad əl-Xatib və İtaliya Beynəlxalq Siyasi Elmlər İnstitutunun direktoru Paolo Magri qatılıblar.

Paneldə çıxış edən BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Qordon Birrell dünyadakı enerji tələbinin 40% artdığına diqqəti cəlb edərək, buna görə yeni enerji mənbələrinin istismara açılmasının vacibliyini vurğulayıb. 2030-cu ildə Avropanın enerji ehtiyaclarını dünyanın müxtəlif bölgələrindən idxal edə biləcəyini deyən Q.Birrell buna görə də Xəzər dənizi enerji mənbələrinin və buna paralel olaraq bölgədə Azərbaycan-Gürcüstan-Türkiyə əməkdaşlığının Avropa üçün son dərəcə önəmli olduğunu bildirib. “Şahdəniz” yatağı bu bazara təbii qaz vermək üçün çox sərfəli mənbədir” - deyən BP rəsmisi Xəzərdə 2 yeni platforma qurduqlarını, yaxın gələcəkdə Xəzər dənizindən fərqli bazarlara təbii qaz göndərilməsində uğurlu nəticələr əldə edəcəklərini vurğulayıb: “Bakı-Tiflis-Ceyhan layihəsində uğurlu əməkdaşlıq TANAP və TAP layihələrinin də uğurla həyata keçirəcəyinə ümidləri artırır. Bolqarıstan və Yunanıstandan sonra Albaniya və İtaliya da Azərbaycan qazını ala biləcək”.

Paneldə çıxış edən İtaliya Beynəlxalq Siyasi Elmlər İnstitutunun direktoru Paolo Magri enerjinin müxtəlif mənbələrdən idxal edilməsi strategiyası çərçivəsində İtaliyanın İTGİ layihəsində də iştirakı məqsədəuyğun saydığını bildirib. TANAP və TAP kimi layihələr İtaliya üçün sərfəlidir. Bizi bu layihələrin siyasi tərəfindən daha çox sülh və əmin-amanlığa xidmət etməsi maraqlandırır”.

Paneldə çıxış edən ARDNŞ prezidenti Rövnəq Abdullayev 2011-ci ildə Avropa Komissiyasının sədri Joze Manuel Barrozu ilə prezident İlham Əliyevin Bakıda imzaladıqları sənədi enerji nəqli sahəsində Azərbaycanın Avropa ilə əməkdaşlığında mühüm mərhələnin başlanğıcı adlandırıb. O, Cənub dəhlizi layihəsinin bu əməkdaşlığın təməlini təşkil etdiyini deyib. “Şahdəniz” konsorsiumunun Avropa ölkələri ilə əməkdaşlığının mühüm olduğunu deyən R.Abdullayev Azərbaycanın 3 trln. kubmetr təbii qaz potensialının bir qismini Avropa bazarlarına çıxarmağa həmişə hazır olduqlarını vurğulayıb. Azərbaycanın atdığı addımların Avropa üçün böyük imkanlar vəd etdiyini deyən ARDNŞ prezidenti 2025-ci ilə qədər Azərbaycanın tədarük edəcəyi qazın 40-50 mlrd. kubmetr olacağını açıqlayıb.

TANAP layihəsini həyata keçirəcəklərini və bunun nəticəsində Azərbaycan və Türkiyənin enerji ixracatı potensialının artacağını vurğulayan R.Abdullayev qaz kəmərindən ilk mərhələdə 16 mlrd. kubmetr qaz nəql edəcəyini, daha sonra bu rəqəmin 30 mlrd. kubmetrə yüksələcəyini söyləyib: “TANAP Cənub Qaz Dəhlizinin əsas hissəsini təşkil edəcək. TANAP və TAP layihələrinin həyata keçməsindən sonra Azərbaycan qazının Avropaya ixracatının sərhədləri aşaraq Avstriyaya qədər çatacaq”.

Paneldə çıxış edən Albaniyanın iqtisadiyyat, ticarət və enerji naziri Z.Damian Gjiknuri Albaniya kimi kiçik bir ölkənin xalqının da qazın faydalarından istifadə etmək istədiyini, bunun üçün hökumətin bütün strateji tərəfdaşlarla əməkdaşlıq etməyə hazır olduğunu deyib. Bölgədə önəmli dərəcədə sənaye potensialı olduğuna diqqəti cəlb edən albaniyalı nazir Azərbaycanın bölgəyə daha çox investisiya yatırmasını istədiklərini qeyd edib.

İraq Enerji İnstitutunun direktoru Luay Cavad əl-Xatib Beynəlxalq Enerji Agentliyinin araşdırmasına görə, 2040-cı ildə dünyanın qaz ehtiyacının 2 dəfə artacağını xatırladaraq, buna görə də iqtisadi sabitliyin siyasi sabitliyə əsas təminat olacağını vurğulayıb. İqtisadi islahatlara paralel olaraq siyasi və sosial islahatların aparılmasının vacibliyinə də toxunan əl-Xatib Türkiyə-İraq münasibətlərinin dövlətdən-dövlətə prinsipi əsasında qurulmasının ən düzgün yol olduğunu vurğulayıb: “Biz İraq-Türkiyə münasibətləri barədə danışanda eyni zamanda Türkiyə üzərindən Avropa Birliyi ilə münasibətlərimizə də baxa bilərik, bunun üçün güclü dövlət ənənəsinin formalaşması, iqtidarların dəyişməsinin həyata keçirilməkdə olan böyük layihələrə təsir göstərməməsi lazımdır”.

Türkiyənin enerji və təbii ehtiyatlar naziri Taner Yıldız AB ölkələrinin enerji təminatı və təhlükəsizliyi sahəsində Türkiyənin bir çox layihələr ortaya qoyduğunu xatırladaraq, TANAP-ın bu sahədə ən mühüm layihələrdən biri olduğunu vurğulayıb: “TANAP doğru və faydalı bir işdir, ona görə də İtaliya və Yunanıstanın da bunu anlayaraq TAP-ın önünə çıxarılmaq istənilən əngəlləri qaldıracağına inanıram. Sərbəstləşən, liberallaşan və özəlləşən bazarlarla münasibətdə son dərəcə həssas davranılması vacibdir. Enerji mənbələri ilə zəngin olan ölkələrdəki siyasi sabitlik qonşu ölkələr üçün də faydalıdır”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR