Təhsil Nazirliyi kollecin direktor müavininin korrupsiyada ittiham olunması barədə məlumatlara münasibət bildirib

Təhsil Nazirliyi kollecin direktor müavininin korrupsiyada ittiham olunması barədə məlumatlara münasibət bildirib
# 05 noyabr 2013 13:01 (UTC +04:00)

Bakı. Könül Kamilqızı – APA. Təhsil Nazirliyi ötən gün Azərbaycanda kollecin direktor müavininin korrupsiyada ittiham olunması ilə bağlı yayılan məlumatlara münasibət bildirib. Təhsil Nazirliyindən APA-nın Bakı Dövlət Rabitə və Nəqliyyat Kollecinin tədris-istehsalat işləri üzrə keçmiş direktor müavini Ələmdar Əliyevin Azərbaycan Respublikası Baş Prokuroru yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsi tərəfindən cinayət məsuliyyətinə cəlb olunması ilə bağlı sorğusuna verilən cavabda bildirilib ki, Ələmdar Əliyev 5 mart 2012-ci il tarixində öz ərizəsi əsasında işdən azad olunub. Bu barədə Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin 2013-cü ilin iyul ayında göndərdiyi sorğuya cavab məktubunda da qeyd olunub. Təhsil Nazirliyindən onu da vurğulayıblar ki, təhsil sahəsində şəffaflığın təmin olunmasına və qarşılıqlı münasibətlərin müvafiq qanunvericilik çərçivəsində tənzimlənməsinə yönəlmiş tədbirlər nazirlik tərəfindən hər zaman təqdir olunur.

Qeyd edək ki, ötən gün Baş Prokurorluğun mətbuat xidmətindən verilən məlumatda bildirilib ki, Bakı Dövlət Rabitə və Nəqliyyat Kollecinin direktor müavininin qanunsuz hərəkətləri barədə Ağcabədi rayon sakinlərinin müraciətləri Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə idarəsində araşdırılıb. Araşdırma zamanı kollecin direktor müavini Ələmdar Əliyevin öz qulluq mövqeyindən istifadə etməklə müxtəlif vaxtlarda Ağcabədi rayon sakinlərindən onların övladlarını kollecə qəbul etdirəcəyi adı altında ümumilikdə 5.200 manat məbləğində pul vəsaitini alaraq aldatmasında şübhələr üçün əsaslar olduğundan fakta görə Cinayət Məcəlləsinin 178.2.3-cü (qulluq mövqeyindən istifadə etməklə dələduzluq) maddəsi ilə cinayət işi başlanıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR