Bakıda mikromaliyyə sahəsi üzrə investorlar yarmarkası keçirilib

Bakıda mikromaliyyə sahəsi üzrə investorlar yarmarkası keçirilib
# 04 oktyabr 2013 09:57 (UTC +04:00)

Bakı. Vahab Rzayev – APA-Economics. Bu gün Bakıda Azərbaycan Mikromaliyyə Assosiasiyasının (AMA) təşkilatçılığı ilə «Məsuliyyətli maliyyənin istiqamətləndirilməsi və sektorun stabilliyinin təmin olunması» mövzusunda investorlar yarmarkası keçirilib. «APA-Economics»in xəbər verdiyi kimi, yarmarka çərçivəsində keçirilən konfransda mikromaliyyələşdirmə sahəsində cari vəziyyət, inkişaf perspektivləri və mövcud problemlər müzakirə olunub.

Tədbirdə çıxış edən Assosiasiyanın icraçı direktoru Jalə Hacıyeva mikromaliyyə sektoru barədə məlumat verib. Bildirilib ki, hazırda mikromaliyyə sahəsində ümumi kredit portfeli təxminən 997 mln. ABŞ dollarına bərabərdir. Eyni zamanda, Azərbaycan Sahibkarlar Konfederasiyasının prezidenti Məmməd Musayev çıxışında bəyan edib ki, sahənin potensialı yaxın illərdə kredit portfelinin daha 1 mlrd. dollar artacağını proqnozlaşdırmağa imkan verir.

Tədbir çərçivəsində Azərbaycanda mikromaliyyə mühiti barədə xüsusi sessiya keçirilib. Sessiyanın əsas mövzularından biri problemli kreditlərin yığımı və idarə edilməsi məsələsi ilə bağlı olub. Qeyd edək ki, hazırda mikromaliyyə sahəsində problemli kreditlərin ümumi kredit portfelində xüsusi çəkisi 1%-dən aşağıdır.

Bundan əlavə, konfransda mikromaliyyə əməliyyatlarına xarici və yerli investorların ünvanlı dəstəyi, eyni zamanda alternativ maliyyələşdirilmə yolları, qanunvericilik amilləri, kapitallaşma məsələləri, ödəniş qabiliyyətinin təhlili, bazara uyğun yeni məhsullar və s. mövzular üzrə müzakirələr aparılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR