AMEA Gənc Alim və Mütəxəssislər Şurasının təsis konfransı keçirilib - FOTO

AMEA Gənc Alim və Mütəxəssislər Şurasının təsis konfransı keçirilib - <span style="color: red;">FOTO
# 27 dekabr 2013 11:00 (UTC +04:00)

Bakı. Könül Kamilqızı - APA. Bu gün Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Gənc Alim və Mütəxəssislər Şurasının təsis konfransı keçirilib.

APA-nın məlumatına görə, AMEA-nın prezidenti Akif Əlizadə bildirib ki, Rəyasət Heyətinin 17 oktyabr tarixli qərarından sonra 42 elmi müəssisə və təşkilatda gənc alim və mütəxəssislər şuraları yaradılıb.

Onun sözlərinə görə, məqsəd gənclərin elmi fəaliyyətini stimullaşdırmaq, elmin inkişafındakı rolunu daha artırmaqdır. A.Əlizadə elmin populyarlaşdırılması sayəsində gənclərin elmə cəlb edilməsini AMEA-da aparılan islahatların prioritet istiqamətlərindən olduğunu deyib. O, Azərbaycan gəncliyinin gənc alimlərə böyük ehtiyacı olduğunu vurğulayıb: “Gənc Alim və Mütəxəssislər Şurası gənclərin elmi, intellektual inkişafında aparıcı rol oynamalıdır. Qarşılıqlı müzakirə və intellektual mübadilə vasitəsilə perspektivli sahələrin lazımi yanaşmaların ortaya qoyulacağına böyük ümidlər bəsləyirik”.

Prezident Administrasiyasının Siyasi təhlil və informasiya təminatı şöbəsinin müdiri Elnur Aslanov isə bildirib ki, bu gün Azərbaycan öz brendlərini, müasir standartlarını yaradır: “Lakin əfsus ki, xüsusilə humanitar mövzularda Azərbaycan modelinin tədqiqi, təbliği sahəsində xarici ölkələrdə nəşr olunan elmi məqalələrin sayı ürəkaçan səviyyədə deyil. Gənc alim bu gün nümunə olmalıdır. Təkcə intellekti ilə yox, həm də müasir dünyagörüşü, şəxsiyyəti, hadisələrə, proseslərə düzgün, səlis yanaşması, bir neçə xarici dildə sərbəst danışması ilə fərqlənməlidir. Təəssüf ki, bu gün Azərbaycanın ingilis dilində nəşr olunan və xarici ölkələrdə də populyarlıq qazanmış elmi jurnalları barmaqla sayılacaq qədər azdır. Bura gənc alimlər üçün ayrıca internet səhifələrinin kasadlığını, onların vahid informasiya bankının yoxluğunu da əlavə etmək olar. Bu halda bizim ünsiyyətimiz məhdud çərçivədə qalacaq, dediklərimizi yalnız özümüz eşidəcəyik. Bu gün dünyaya açılmaq çox asandır. Əvvəlki illərdə mövcud olan çətinliklər aradan qalxıb. İşləmək üçün də, istedadını, biliyini, elmi yeniliyini göstərmək üçün də meydan genişdir. Biz bu sırada öz yerimizi tutmalıyıq. Azərbaycan gənclərinin bu gün dünyanın məşhur universitetlərində, elm mərkəzlərində əldə etdiyi nəticələr onu deməyə əsas verir ki, gənc alimlərimiz heç də xarici həmyaşıdlarından intellektual göstəricilərinə, bilik və bacarıqlarına görə geri qalmırlar, əksinə, bəzən onları üstələyirlər”.

Gənclər və idman nazirinin müavini İntiqam Babayev şuranın təsis edilməsini gələcəyini elmə bağlayan gənclər üçün mühüm hadisə kimi qiymətləndirib. Onun sözlərinə görə, prezident İlham Əliyevin gənclər siyasəti nəticəsində istedadlı və yaradıcı gənclərə, gənc alim və tədqiqatçılara dövlət səviyyəsində xüsusi diqqət və qayğı göstərilir.

Tədbirin davamında Azərbaycan prezidenti yanında Elmin İnkişafı Fondunun icraçı direktoru Elçin Babayev, Gənclər Fondunun icraçı direktoru Fərhad Hacıyev gənclərlə bağlı görülən işlər barədə ətraflı məlumat verib, şuranın gələcək fəaliyyətinə uğurlar arzulayıblar.

Konfransın sonunda şuraya bilik və bacarığı ilə fərqlənən fəal gənclərdən ibarət üzvlər seçilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR