Nazir: “Kənd yerlərində gənclər arasında işsizlik məsələsi əsas problem olaraq qalmaqdadır”

Nazir: “Kənd yerlərində gənclər arasında işsizlik məsələsi əsas problem olaraq qalmaqdadır”
# 24 iyun 2014 09:44 (UTC +04:00)

Aynur Əliyeva - APA-Economics. Kənd yerlərində gənclər arasında işsizlik məsələsi də əsas problem olaraq qalmaqdadır. Azərbaycanda 1998-ci ildə torpaqların özəlləşdirilməsi ilə normal torpaq bazarı formalaşdırılıb. İnkişaf etmiş ölkələrdən fərqli olaraq Azərbaycanda əhalinin 50%-ə qədəri məhz kəndlərdə yaşayır. Urbanizasiya prosesləri hələ başa çatmayıb.

APA-Economics”in məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov bildirib.

“Bu proseslərin gec-tez başa çatması təbiidir. Müəyyən mentalitetə uyğun olaraq insanlar onlara verilən torpaq sahələrini hələlik satmaq istəmirlər. Amma həmin torpaqları da becərmirlər. Torpaq sahələri də onların olduğu üçün ailə üzvləri neçə yaşında olmasından asılı olmayaraq işləyən kimi qeydiyyata alınır. Həqiqətdə isə mövcud problemlər hələ də qalmaqdadır”, - deyə nazir bildirib.

Onun sözlərinə görə, normal torpaq bazarı olduğu yerdə torpaqların becərilməsi üçün hazırda kənd təsərrüfatı sahələrində islahatlara start verilib: “Hesab edirəm ki, həmin torpaqların hamısı yaxın vaxtlarda becərilməyə başlanacaq. O zaman kənd yerlərində müəyyən qədər gənclər arasında işsizlik səviyyəsi də aşağı düşəcək. Eyni zamanda kənd yerlərindən şəhərə üz tutanların da şəhərdə və şəhər ətraflarında işlə təmin olunması problemi gündəmdədir”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR