Avropa Şurasının insan haqları üzrə komissarının Azərbaycanla bağlı hesabatı açıqlanıb

Avropa Şurasının insan haqları üzrə komissarının Azərbaycanla bağlı hesabatı açıqlanıb
# 06 avqust 2013 13:48 (UTC +04:00)

APA-nın xəbərinə görə, hesabat Azərbaycan tərəfinin şərhləri ilə birlikdə dərc olunub.

Komissar tənqidi mövqe ifadə edən jurnalistlərlə davranışdan narahat olduğunu bildirib. Azərbaycan tərəfi isə şərhində ölkədə KİV-in azad fəaliyyəti üçün bütün lazımi şəraitin yaradıldığını, hesabatda adları çəkilən jurnalistlərin peşə fəaliyyəti ilə əlaqədar cinayət məsuliyyətinə cəlb olunmadığını qeyd edib.

Komissar Azərbaycan hakimiyyətini diffamasiya haqqında qanunvericiliyin təkmilləşdirilməsi üzrə işi başa çatdırmağa çağırıb. Azərbaycanda internetin əsasən məhdudiyyətlərdən azad olmasını alqışlayan N.Muyjnieks eyni zamanda internetdəki fəalların həbsindən də narahatlığını ifadə edib.

N.Muyjnieks sərbəst toplaşmaq azadlığına toxunaraq hakimiyyəti dinc nümayişçilərə hüquq-mühafizə orqanları tərəfindən güc tətbiq edilməsinə qarşı effektiv tədbirlər görməyə çağırıb. O, “Sərbəst toplaşma azadlığı haqqında” qanunun hazırda yerinə yetirilmə vəziyyətindən narahatlığını ifadə edib. Komissarın fikrincə, qanunvericilik kütləvi tədbirlər üçün icazə nəzərdə tutmamalıdır və aksiyalar barədə xəbərdarlıq sistemi Avropa standartlarına uyğun tətbiq olunmalıdır. Azərbaycan tərəfinin şərhlərində isə bildirilir ki, sərbəst toplaşmaq hüququ Konstitusiya ilə təminat altına alınıb və “Sərbəst toplaşmaq azadlığı haqqında” qanunun 5-ci maddəsi ilə tənzimlənir. Qanuna əsasən hər şəhər və rayonda kütləvi toplantılar və nümayişlər üçün yerlər ayrılıb. Bu yerlərin siyahısı KİV-də dərc olunub və əhaliyə açıqdır.

N.Muyjnieks hesabatda qeyd edib ki, insan haqlarının müdafiəsi sahəsində çalışan bir sıra qeyri-hökumət təşkilatları Azərbaycanda fəaliyyətləri zamanı maneələrlə üzləşdiklərini bildirirlər, QHT-lərin qeydiyyatına dair yeni müddəalar isə bu sahədə uzunmüddətli ləngimələrə və ya rəsmi qeydiyyatın olmamasına gətirib çıxara bilər. Bununla əlaqədar komissar Azərbaycan tərəfinə tövsiyə edib ki, qeydiyyatla bağlı tələbləri azaltsın və QHT fəaliyyətini bürokratik əngəllərdən daha az asılı etsin. Azərbaycan tərəfi isə ölkədə QHT-lərin qeydiyyatı və fəaliyyətini tənzimləyən qanunvericilik aktlarının beynəlxalq ekspertlərlə əməkdaşlıq şəraitində hazırlandığını və Avropa Şurasının hüquqi ekspertizasından keçdiyini deyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR