Məktəb direktorları və gələcəkdə bu vəzifədə çalışmaq arzusunda olan pedaqoji kadrların təlimlərdə iştirakı üçün müsabiqə elan edilib

Məktəb direktorları və gələcəkdə bu vəzifədə çalışmaq arzusunda olan pedaqoji kadrların təlimlərdə iştirakı üçün müsabiqə elan edilib
# 25 noyabr 2013 15:31 (UTC +04:00)

Bakı. Könül Kamilqızı - APA. Təhsil Nazirliyi Qafqaz Universiteti ilə əməkdaşlıq çərçivəsində məktəb direktorları və gələcəkdə bu vəzifədə çalışmaq arzusunda olan pedaqoji kadrların təlimlərdə iştirakı üçün müsabiqə elan edir.

Nazirlikdən APA-ya verilən xəbərə görə, təlimlərin məqsədi müasir idarəetmə bilik və bacarığına yiyələnmiş, informasiya texnologiyalarına bələd, zəruri pedaqoji və psixoloji bilikləri olan, strateji düşüncə tərzi sərgiləyən ölkəmizin təhsil və sosial inkişafına töhfə verə biləcək məktəb direktorları yetişdirməkdir.

İlkin mərhələdə təlimlər yalnız Bakı şəhərində fəaliyyət göstərən ümumi təhsil müəssisələrini əhatə edəcək. Təlimlər 2014-cü ilin 21 yanvar - 21 aprel (3 ay) tarixlərini əhatə edəcək. Dərslər gündə 3 saat (həftəlik 15 saat) olmaqla, həftənin 5 günü təşkil ediləcək. Təlimlərin günün müxtəlif vaxtlarında (səhər və günorta) keçirilməsi planlaşdırılır. Müsabiqədə iştirak üçün ali pedaqoji təhsil və 5 (beş) il pedaqoji iş təcrübəsi olmalıdır. Müəyyən edilmiş tələblərə uyğun gələn namizədlər ərizə formasını (ƏLAVƏ 1) dolduraraq [email protected] elektron poçt ünvanına göndərməlidirlər. Müraciət üçün son tarix dekabrın 15-dək olacaq.

Təlim iştirakçıları 3 mərhələli seçim əsasında müəyyən ediləcək. 1-ci mərhələdə namizədlər elektron poçt ünvanına göndərəcəkləri ərizə forması əsasında seçiləcəklər. Növbəti mərhələdə namizədlərin Azərbaycan dilində yazı və məntiqi düşüncə bacarıqları qiymətləndiriləcək. Bu mərhələdə uğur qazanmış namizədlər növbəti mərhələyə - müsahibəyə dəvət ediləcəklər. Hər üç mərhələnin nəticəsi olaraq 50 nəfərin seçimi nəzərdə tutulur. Təlimlərdə iştirak etmiş şəxslər Təhsil Nazirliyi tərəfindən təşkil olunacaq imtahanda iştirak edəcəklər. İmtahanlarda qənaətbəxş nəticə göstərmiş namizədlərə “Uğur sertifikatı” təqdim olunacaq. “Uğur sertifikatı” əldə etmiş və hazırda məktəb direktoru vəzifəsində çalışan şəxslərin işlərində səmərəliliyin artırılması üçün müəyyən həvəsləndirmələr tətbiq olunacaq, gələcəkdə bu vəzifədə çalışmaq arzusunda olan pedaqoji kadrlar isə vakant yerlərə təyin olunmaq üçün ehtiyat kadr kimi qeydə alınacaqlar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR