Azərbaycanın Polşadakı səfiri Vrotslav Universitetində azərbaycanlı tələbələrlə görüşüb

Azərbaycanın Polşadakı səfiri Vrotslav Universitetində azərbaycanlı tələbələrlə görüşüb
# 15 oktyabr 2013 16:41 (UTC +04:00)

Bakı. Rəşad Süleymanov – APA. Azərbaycanın Polşadakı səfiri Həsən Həsənov Vrotslav Universitetinin İnformatika İnstitutunda azərbaycanlı tələbələrlə görüşüb. Bu barədə APA-ya Azərbaycanın Polşadakı səfirliyindən məlumat verilib.

Görüşdə Polşa Universitetlərində təhsil alan 25 azərbaycanlı tələbə ilə yanaşı, Polşa, Ukrayna, Almaniya, Rusiyadan tələbələr və İnstitutun müəllim heyəti iştirak edib.

Görüşdə Polşa Universitetlərində təhsil alan azərbaycanlı tələbələr Azərbaycan prezidenti yanında Gənclər Fondu haqında təqdimatla çıxış ediblər. Sonra Polşada təhsil alan Azərbaycanlı tələbələrin yaratdığı Azərbaycanlı Gənclərin Təşəbbüs Qrupunun təqdimatı edilərək, qısa müddət ərzində Qrupun əldə etdiyi nailiyyətlər haqda iştirakçılara məlumat verilib. Azərbaycanlı tələbələr bildiriblər ki, 2013-cü ilin sonuna qədər AYPU (Polşada Azərbaycan Gənclər Birliyi - Azerbaijani Youth Union in Poland) təşkilatının təsis olunması nəzərdə tutulub.

Səfir Həsən Həsənov tədbir iştirakçılarına Azərbaycan-Polşa diplomatik əlaqələrinin yaranma tarixindən, prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycanın son 10 ildə əldə etdiyi nailiyyətlər və əhalinin sosial rifahının qaldırılması yönündə görülmüş işlərdən danışıb, tələbələrə öz tövsiyələrini verib.

Tədbirin sonunda səfir Polşada təhsil alan bir qrup tələbəni Azərbaycanın Polşadakı səfirliyi tərəfindən təsis olunmuş Azərbaycan-Polşa diplomatik əlaqələrinin yaranmasının 540 illiyinə və bərpasının 20 illiyinə həsr olunmuş xatirə medalları ilə təltif edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR