Ombudsman Aparatının əməkdaşları beynəlxalq konfransda iştirak edib

Ombudsman Aparatının əməkdaşları beynəlxalq konfransda iştirak edib
# 05 dekabr 2013 17:03 (UTC +04:00)

Bakı. Gülnar Bəşirova - APA. Bu günlərdə Ukraynanın paytaxtı Kiyevdə həmin ölkənin Ombudsmanının, Avropa Şurasının, Beynəlxalq Həbsxana İslahatı təşkilatının, Müstəqil Monitorinqlər Assosiasiyasının, habelə Hüquq-mühafizə orqanlarının fəaliyyətində insan hüquqlarının təmini üzrə Ukrayna Monitorinqlər Assosiasiyasının təşkilatçılığı ilə “Milli Preventiv Mexanizm və işgəncələrlə mübarizənin digər növləri: nailiyyətlər və inkişaf perspektivləri” mövzusunda beynəlxalq konfrans keçirilib.

Ombudsman Aparatının mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili Aparatının İşgəncələrin qarşısının alınması şöbəsinin müdiri, Ombudsmanın Milli Preventiv Qrupunun (MPQ) rəhbəri Vüqar Məhərrəmov və müvəkkilin Gəncə Regional Mərkəzinin rəhbəri Səbuhi Abbasov konfransda iştirak edib.

Beynəlxalq qurumların, habelə Moldova, Gürcüstan, Rusiya və Ukraynanın tanınmış ekspertləri çıxış edərək, bu sahədə aparılan işlərdən və təcrübədən danışıblar. MPQ-nin rəhbəri isə Ombudsmanın işgəncələr əleyhinə milli preventiv mexanizm qismində gördüyü işlər, bu sahədə milli qanunvericilik, habelə “Həbs yerlərində saxlanılan şəxslərin hüquq və azadlıqlarının təmin edilməsi haqqında” Azərbaycan Respublikasının qanunu və onun tətbiqi ilə bağlı tədbirlər, azadlıqdan məhrumetmə yerlərinə, o cümlədən penitensiar müəssisələrə, müvəqqəti saxlama yerlərinə, psixiatriya xəstəxanalarına, sosial obyektlərə başçəkmələrin həyata keçirilməsi haqqında ətraflı məlumat verib.

Konfrans səmərəli müzakirələr və təcrübə mübadiləsi şəraitində başa çatıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR