Bu ilin 6 ayında yetkinlik yaşına çatmayanların məcburi əməyə cəlb edilməsi aşkarlanmayıb

Bu ilin 6 ayında yetkinlik yaşına çatmayanların məcburi əməyə cəlb edilməsi aşkarlanmayıb
# 09 sentyabr 2016 14:46 (UTC +04:00)

Bakı. Fərid Mirzəyev – APA. 2015-ci ildə 5 işə götürən tərəfindən 15 yaşına çatmamış şəxslərin işə cəlb edilməsi faktı aşkar edilib. Bu qanun pozuntusuna görə işə götürənlər barəsində İnzibati Xətalar Məcəlləsinin 53.9 – cu maddəsinə müvafiq olaraq 5000 manat məbləğində inzibati cərimə tətbiq olunub. Bunu APA-nın sorğusuna cavab olaraq Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin böyük məsləhətçisi Pərviz Əliyev deyib.

Onun sözlərinə görə, 2015-ci ildə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi yerli icra hakimiyyəti orqanları ilə birgə ölkə üzrə uşaq əməyinin vəziyyətinə dair tədqiqat aparıb: “Məqsəd uşaqların əməyə cəlb olunma səviyyəsini, hansı sahələrdə işləmələrini müəyyən etmək olub. Bu məqsədlə şəhər və rayon icra hakimiyyəti orqanları ilə birgə ictimai-iaşə müəssisələrində, ailə təsərrüfatlarında monitorinqlər həyata keçirilib. Ümumilikdə 13 şəhər və rayonda keçirilən tədbirlər nəticəsində bazarlarda yaşı 15-dən az olan 35 uşaq, avtotəmir sexlərində 38 uşaq, restoran tipli obyektlərdə 9 uşaq, ticarət tipli obyektlərdə 10 uşaq, kənd təsərrüfatı sahələrində 2 uşaq əməyə cəlb olunmuş formada aşkar edilib. Uşaqların hamısı təhsildən tam və yaxud qismən yayınıb. Müəyyən edilib ki, işləyən uşaqların valideynləri bu barədə məlumatlı olub. Aşkar edilmiş uşaqların ailə vəziyyəti, təhsili barədə ətraflı məlumat toplanıb, yaşı 15-dən az olan uşaqların əməyə cəlb olunması halları dərhal aradan qaldırılıb, yaşı 15-dən yuxarı olan uşaqların isə əməyə cəlb olunmasının qanunvericiliyə uyğun olaraq aparılması aidiyyəti orqanlara tövsiyə edilib. Təhsildən yayınmış uşaqların təhsilə bərpa edilməsi ilə bağlı müvafiq icra hakimiyyətləri orqanlarına nəzarət tədbirlərinin görülməsi tövsiyə olunub. Avtotəmir sexlərində aşkar edilmiş uşaqlar təhlükəli əmək şəraitində işlədiklərindən həmin müəssislərin sahiblərinə bir daha belə hallara yol verməməsi barədə xəbərdarlıq edilib. 2016-cı il ərzində Komitə tərəfindən uşaqların işlədikləri həmin obyektlərə yenidən baxış həyata keçirilib. Bir çox müəssisələrdə uşaqların sayında azalma halları müəyyən edilib. Ümumiyyətlə uşaqların əməyinin istismarı hallarının qarşısının alınması ilə bağlı ən effektiv tədbirlər nəzarətdən kənarda qalma riski böyük olan obyektlərə reydlərin tez-tez təşkil edilməsi, eləcə də bu istiqamətdə maarifləndirmə işlərinin gücləndirilməsidir”.

Dövlət Komitəsinin nümayəndəsi qeyd edib ki, Cinayət Məcəlləsinin 144-2-ci maddəsinə əsasən hədə-qorxu, zor tətbiq etməklə və ya zor tətbiq etmək hədəsi ilə, habelə qanunvericiliklə müəyyən edilmiş xüsusi hallardan başqa şəxsin azadlığını məhdudlaşdırmaqla müəyyən işin yerinə yetirilməsinə məcbur etmə məcburi əmək adlanır: “2016-cı ilin 6 ayı ərzində yetkinlik yaşına çatmayanlara qarşı bu hallar müəyyən edilməyib. Bu gün uşaq əməyinin miqyası barədə dəqiq statistik rəqəm söyləmək çətindir. Uşaq əməyinin aşkar edilməsi istiqamətində həm hüquq-mühafizə orqanları, həm də əmək müfəttişliyi tədbirlər görür. Əmək müfəttişliyi yoxlama apardığı müəssisələr barədə əvvəldən həmin müəssisələri xəbərdar etdiyindən bu tədbirlər effektiv xarakter daşımır. Hüquq-mühafizə orqanlarının isə aşkar etdiyi işləyən uşaqları işəgötürənlərə qarşı müvafiq tədbir görmək səlahiyyəti yoxdur”.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR