Zaqreb Universitetində Azərbaycan dili kursu açılıb

Zaqreb Universitetində Azərbaycan dili kursu açılıb
# 17 oktyabr 2014 10:30 (UTC +04:00)

Bakı. Rüfət Əhmədzadə - APA. Xorvatiyada Zaqreb Universitetinin Humanitar və Sosial Elmlər fakültəsinin “Macar, Türk və Yəhudi dilləri” ixtisasının Türk dili və Ədəbiyyatı bölməsinin tərkibində Azərbaycan dili kursu açılıb.

Azərbaycanın Xorvatiyadakı səfirliyindən APA-ya verilən məlumata görə, bu kursların açılması səfirliyimizin təşəbbüsü və Azərbaycan Təhsil Nazirliyinin dəstəyi ilə baş tutub.

Açılış mərasimində səfir Kamil Xasıyev, universitetin Humanitar və Sosial Elmlər fakültəsinin “Macar, Türk və Yəhudi dilləri” ixtisasının dekan müavini İvana Franiç, Türk dili və Ədəbiyyatı bölməsinin rəhbəri Ekrem Çauşev, qonaqlar və tələbələr iştirak ediblər.

Səfir K.Xasiyev Azərbaycan və Xorvatiya arasında əməkdaşlıq münasibətlərindən söz açaraq, universitetdə Azərbaycan dili kursunun açılmasını Xorvatiya ilə Azərbaycan arasındakı mədəni və humanitar əməkdaşlığın bariz nümunəsi, eyni zamanda, təhsil sahəsində əlaqələrin inkişafına yönəlmiş tarixi addım kimi dəyərləndirib.

Daha sonra çıxış edən İ.Franiç universitetdə Azərbaycan dili kursunun açılması Xorvatiyada ölkəmizin təbliği baxımından mühüm hadisə olduğunu qeyd edərək tələbələrə uğurlar arzulayıb.

Açılış mərasimindən sonra ölkəmizin tarixi, mədəniyyəti, mətbəxi, Ermənistan-Azərbaycan münaqişəsi haqqında geniş təqdimat keçirilib, video roliklər nümayiş etdirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR