Azərbaycanın Argentinadakı səfiri Ermənistan səfirinə cavab verib

Azərbaycanın Argentinadakı səfiri Ermənistan səfirinə cavab verib
# 13 oktyabr 2014 09:45 (UTC +04:00)

Bakı. Anaxanım Hidayətova – APA. Argentinanın “La Nacion” qəzeti Azərbaycanın bu ölkədəki səfiri Məmməd Əhmədzadənin məktubuna cavab olaraq oktyabrın 9-da Ermənistan səfiri Vahan Melikyanın məktubunu dərc edib. APA-nın xəbərinə görə, buna cavab olaraq səfir M. Əhmədzadə “La Nacion” qəzetinin redaksiyasına növbəti məktub göndərib və həmin məktub qəzetin elektron variantının şərhlər bölməsində yerləşdirilib.


M. Əhmədzadə məktubda qeyd edib ki, qondarma “Dağlıq Qarabağ Respublikası” Ermənistan tərəfindən Azərbaycana qarşı təcavüzünü ört-basdır etmək üçün qanunsuz olaraq yaradılıb və heç bir ölkə, o cümlədən Ermənistanın özü tərəfindən belə tanınmamış separatçı rejimdir


M. Əhmədzadə bildirib ki, 1988-ci ildə SSRİ-dəki yenidənqurma siyasətindən istifadə edən Ermənistan, Dağlıq Qarabağı özünə ilhaq etmək üçün Azərbaycana qarşı ərazi iddiaları irəli sürüb, eyni vaxtda 250 min azərbaycanlını Ermənistandakı tarixi torpaqlarından deportasiya olunub: “SSRİ-nin dağılmasından sonra isə Ermənistan Azərbaycana qarşı hərbi təcavüz həyata keçirərək Azərbaycanın Dağlıq Qarabağ bölgəsini və onun ətrafındakı 7 rayonunu işğal edib. Bu işğal nəticəsində Dağlıq Qarabağ və ətraf 7 rayondakı 750 min azərbaycanlı etnik təmizləməyə məruz qalaraq məcburi köçkünə çevrilib. İşğal prosesində Ermənistan beynəlxalq humanitar hüququ kobud şəkildə pozaraq dinc azərbaycanlı əhaliyə qarşı qətliamlar, o cümlədən insanlığa qarşı cinayət olan Xocalı soyqırımını törədib, Azərbaycanın istər Ermənistanda, istərsə də işğal olunmuş ərazilərdəki tarixi mədəni abidələrini dağıdıb”.

Səfirin sözlərinə görə, Ermənistan işğalçı siyasətini və təcavüzünü ört-basdır etmək üçün xalqların öz müqəddəratını təyin etməsi prinsipindən istifadə etməyə cəhd göstərir: “Erməni xalqı Ermənistan dövləti yaratmaqla artıq öz müqəddəratını təyin edib və Azərbaycan ərazilərində ikinci erməni dövlətinin yaradılması qəbuledilməzdir. Məsələyə belə bir yanaşma ona gətirib çıxara bilər ki, erməni icmasının yaşadığı dünyanın istənilən ölkəsində bu icma öz müqəddəratını təyinetmə kimi gülünc və məntiqsiz iddia ilə çıxış edə bilər. Xalqların öz müqəddəratını təyin etməsi prinsipi Dağlıq Qarabağa azərbaycanlıların qaytarılmasını tələb edir. Dağlıq Qarabağ xalqı deyilən bir anlayış yoxdur, Dağlıq Qarabağın erməni və azərbaycanlı icmaları deyilən anlayış vardır və azərbaycanlı icması da oradan qovulub”.


Səfir əlavə edib ki, Ermənistan beynəlxalq hüquqa yox, hərbi işğala üstünlük verir, münaqişənin nizamlanmasına dair qəbul edilmiş çoxsaylı beynəlxalq sənədləri yerinə yetirməkdənsə, öz əhalisinin kəskin yoxsullaşması hesabına işğal olunmuş əraziləri hərbiləşdirməkdə davam edir: “Münaqişənin nizamlanmasına ən böyük əngəl Azərbaycan ərazilərində Ermənistan hərbi qüvvələrinin qalmasıdır. Bu qüvvələrin işğal olunmuş ərazilərdən çıxarılması və azərbaycanlı məcburi köçkünlərin öz torpaqlarına qaytarılması münaqişənin nizamlanmasının açar elementləridir. Azərbaycanın danışıqlarda məqsədinin münaqişəni həll etmək, regiona sülh, inkişaf və çiçəklənmə gətirmək olduğu halda, təəssüf ki, Ermənistanın məqsədi hərbi işğalı davam etdirmək, status-kvo kimi təhlükəli vəziyyəti saxlamaq və regiona qeyri-sabitlik, fəlakət və səfalət gətirməkdir. Azərbaycan öz yolunda davam edəcək və öz ərazi bütövlüyünün bərpasına nail olacaq. Bununla da regiona çoxdan bəri mövcud olmayan sülh və sabitlik gələcək ki, bu da regional əməkdaşlıq və inkişafı gücləndirəcək”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR