Bank Of Baku

Azərbaycan paytaxtında uşaq əməyi ilə mübarizə üzrə regionlararası konfrans keçirilir

Azərbaycan paytaxtında uşaq əməyi ilə mübarizə üzrə regionlararası konfrans keçirilir
# 30 oktyabr 2008 12:08 (UTC +04:00)
Bakı. İlhamə İsabalayeva – APA-Economics. Bu gün Bakıda Beynəlxalq Əmək Təşkilatının (BƏT) dəstəyi ilə Azərbaycan Sahibkarlar Konfederasiyasının (ASK) Uşaq əməyi ilə mübarizə sahəsində təcrübə mübadiləsi və həyata keçirilən fəaliyyətlərə dair Regionlararası Konfransı işə başlayıb. «APA-Economics»in məlumatına görə, iki gün davam edəcək konfransda BƏT-in Cenevrə və region ölkələrinin nümayəndələri, müvafiq hökumət qurumları və s. iştirak edir.
ASK-nın prezidenti Ələkbər Məmmədov bildirib ki, tədbirin keçirilməsində məqsəd uşaq əməyinin ləğv edilməsində işəgötürənlərin rolu və imkanlarını müzakirə etmək, uşaq əməyi ilə mübarizədə yaxşı təcrübələri öyrənmək, istehsal prosesində uşaq əməyindən istifadəyə qarşı mübarizə yollarını araşdırmaqdır. Konfederasiya sədrinin sözlərinə görə, 2004-cü ilin iyulundan həyata keçirdikləri «Kənd təsərrüfatında uşaq əməyinin aradan qaldırılmasında işəgötürənlərin rolu» layihəsini uğurla yekunlaşdırıblar. Üç mərhələdə icra olunan layihə ilkin etapda Azərbaycanın Biləsuvar, İmişli, Ağcabədi, Beyləqan, Bərdə, Ucar, Kürdəmir kimi pambıqçılıq rayonlarını əhatə edib. Layihənin ikinci mərhələsi kənd təsərrüfatında, xüsusilə pambıqçılıqda təhlükəli uşaq əməyinə yönəldilib. Layihənin sonuncu mərhələsi çayçılıq və tütünçülük sahələrini əhatə edib. Ölkənin çay və tütünçülük plantasiyalarında uşaq əməyini qiymətləndirmək məqsədi ilə ASK-nın layihə komandası Lənkəran, Astara, Masallı, Lerik, Şəki, Qax, Zaqatala və Balakən rayonlarına faktaraşdırıcı səfərlər təşkil edib. Səfərlər zamanı işəgötürənlər, yerli icra hakimiyyəti, bələdiyyə nümayəndələri, təhsil işçiləri, işləyən uşaqlar və onların valideynləri ilə görüşlər keçirilib, çay və tütün istehsalında uşaq əməyindən istifadə halları, uşaqların sağlamlığı və təhsili ilə bağlı vəziyyət öyrənilib.
Azərbaycan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Dövlət Əmək Müfəttişliyinin (DƏM) rəisi Nəbi Şükürlü də Azərbaycanda uşaq əməyindən istifadə hallarının olduğunu deyib. Müfəttişlik rəisinin sözlərinə görə, belə halların qarşısını almaq məqsədilə DƏM Konfederasiya ilə əməkdaşlıq etməyi planlaşdırır.
Milli Məclisin sosial siyasət daimi komissiyasının sədri Hadı Rəcəbli isə bildirib ki, Azərbaycanda uşaq əməyindən istifadə halları azalıb. Bunun əsas səbəbi ölkədə yoxsulluq səviyyəsinin 49%-dən 15,8%-ə enməsidir.
Bütün dünyada uşaq əməyindən istifadə edildiyini deyən H.Rəcəbli qeyd edib ki, ölkələr üçün uşaqların sağlamlığının qorunması və təhsilinin təmini ən vacib məsələdir. Parlament üzvü Azərbaycanın da bu öhdəliyi layiqincə yerinə yetirdiyini hesab edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR