Bank Of Baku

Erkən nikahlarla bağlı tədqiqatın müzakirəsinə həsr olunmuş dəyirmi masa keçirilib

Erkən nikahlarla bağlı tədqiqatın müzakirəsinə həsr olunmuş dəyirmi masa keçirilib
# 08 may 2009 10:20 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva – APA. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və UNİCEF-in Azərbaycan nümayəndəliyi uşaq nikahları ilə bağlı tədqiqatın müzakirəsi üçün dəyirmi masa təşkil ediblər. APA-nın məlumatına görə, dəyirmi masada çıxış edən komitə sədri Hicran Hüseynova erkən nikah probleminin Azərbaycan hökumətinin diqqət mərkəzində olduğunu deyib: “13-14 yaşlarında ailə qurmağa məcbur edilən yeniyetmələrin fiziki, psixiki sağlamlığında ciddi problemlər yaranır. Bu problemlər erkən nikahdan törəyən uşaqların sağlamlığında da özünü göstərir”. H. Hüseynova bildirib ki, Azərbaycanda ilk dəfə olaraq uşaq nikahlarının sosial-iqtisadi aspektləri və gələcək nəslə təsiri mövzusunda tədqiqat aparılıb: “İndiyə qədər erkən nikahlarla bağlı suallara belə cavab verirdik ki, bu nikahların statistikasını aparmaq çox çətindir. Amma aparılan araşdırma bu sahədə vəziyyətin necə olduğuna dair müəyyən təsəvvür yaradır”.

UNİCEF-in Azərbaycandakı nümayəndəliyinin rəhbər əvəzi Məhəmməd Bendriss Alami isə bəyan edib ki, erkən nikahlar zorakılığa, istismara, yoxsulluğa, ana və yeni doğulan uşaqların ölümünə yol açır: “Biz bunu qəbul edə bilmərik. Həm ailələr, həm də hökumət bunun üçün məsuliyyət daşıyır. Çünki hökumətlər beynəlxalq konvensiyaları ratifikasiya ediblər. Uşaqların nikaha məcbur edilməsinin qarşısını almaq üçün bütün imkanlar səfərbər olunmalıdır”.

UNİCEF nümayəndəsi hesab edir ki, qanunvericilikdə dəyişikliklər və insanlar arasında maarifləndirmə aparmaqla bu halların qarşısını müəyyən qədər almaq mümkündür.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR