Bank Of Baku

Xarici ölkələrdə təhsil alıb qayıdan gənclərin işlə təmin olunması məqsədilə dövlət proqramı hazırlanır

Xarici ölkələrdə təhsil alıb qayıdan gənclərin işlə təmin olunması məqsədilə dövlət proqramı hazırlanır
# 19 may 2009 15:06 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva – APA. 2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsil alması üzrə dövlət proqramına uyğun olaraq xarici ölkələrdə təhsil alıb qayıdan gənclərin işlə təmin olunması məqsədilə yeni dövlət proqramı hazırlanır. APA-nın məlumatına görə, bunu təhsil naziri Misir Mərdanov keçirdiyi mətbuat konfransında deyib. O bildirib ki, hazırda dövlət proqramının layihəsinin hazırlanması üzrə müzakirələr aparılır. Müzakirələrdə İqtisadi İnkişaf, Maliyyə, Əmək və Əhalinin Sosial Müdafiəsi nazirliklərinin və Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın nümayəndələri də iştirak edirlər. Nazirin fikrincə, xaricdə təhsil alan gənclərin heç də hamısının Azərbaycana qayıtması vacib deyil: “Dövlət proqramına əsasən xaricdə təhsil alan gənclərin təhsillərini başa vurduqdan sonra ölkəyə qayıtması şərt kimi qoyulurdu. Əks halda, həmin gənclər dövlətin onlara çəkdiyi xərci ödəməli idilər. Lakin ölkə prezidenti buna öz etirazını bildirdi. O bildirdi ki, dövlətin əsas vəzifəsi gənclərin xaricdə təhsil almasına lazımi şərait yaratmaqdır. Buna görə də həmin gənclərdən heç nə tələb olunmayacaq. Əgər onlardan kimsə öz fəaliyyətini xarici ölkələrdə davam etdirmək istəsə, bunu edə biləcək. Bizim xaricdə yaşayıb Azərbaycanın həqiqətlərini yayan insanlara da ehtiyacımız var. Dövlət proqramının əsas hədəflərindən biri də budur”.

Nazir əlavə edib ki, indiyədək dövlət proqramı hesabına xarici ölkələrdə oxuyan 186 gəncin təhsilinə 3,5 milyon manat xərclənib: “Hazırda dövlət proqramının həyata keçirilməsi üçün maliyyə baxımından heç bir problem yoxdur. Hər il Neft Fondunun büdcəsi təsdiq olunarkən xaricdə təhsil üçün kifayət qədər vəsait ayrılır. Biz bəzən bu vəsaiti sonadək xərcləyə bilmirik”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR