Bank Of Baku

Orta ümumtəhsil məktəblərinin 160 min IX sinif şagirdi buraxılış imtahanı verib

Orta ümumtəhsil məktəblərinin 160 min IX sinif şagirdi buraxılış imtahanı verib
# 05 iyun 2009 15:39 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva – APA. Bu gün orta ümumtəhsil məktəblərinin IX sinif şagirdləri ana dili və riyaziyyat fənnindən buraxılış imtahanı veriblər. Təhsil Nazirliyinin Monitorinq və qiymətləndirmə şöbəsinin müdiri Təranə Hacıyeva APA-ya bildirib ki, bütün respublika üzrə 160 mindən çox şagird imtahanda iştirak edib. İmtahanların mərkəzləşmiş keçirilmədiyini deyən şöbə müdirinin sözlərinə görə, imtahan materialları Təhsil Nazirliyi tərəfindən tərtib olunsa da, qiymətləndirmə məktəb daxilində aparılacaq.
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) ictimaiyyətlə əlaqələr sektorunun müdiri Zəminə Əliqızı isə APA-ya bildirib ki, paytaxtın 35200 IX sinif şagirdi 38 imtahan mərkəzində imtahan verib. İmtahanda nəzarətçilərin qeyri-fənn müəllimlərindən ibarət olduğunu deyən Z. Əliqızının sözlərinə görə, imtahanın nəticələri fənn müəllimləri tərəfindən yoxlanılacaq. İmtahanın nəticələri ilə bağlı yaranacaq hər hansı narazılığı həll etmək üçün isə BŞTİ-də münaqişə komissiyası yaradılıb: “Qiymətlərindən narazı olanlar bu komissiyaya müraciət edə bilər. İmtahanın nəticələri sabah açıqlanacaq. Gələn həftənin əvvəlindən isə şəhadətnamələr məktəblərə göndəriləcək. İmtahandan keçməyən şagirdlər isə payızda yenidən imtahan verəcəklər”. Z. Əliqızı deyib ki, hələlik münaqişə komissiyasına imtahanın gedişatı ilə bağlı hər hansı müraciət daxil olmayıb. BŞTİ-nin sektor müdiri imtahanlarda məktəb direktorları tərəfindən 70-100 manat arası pul tələb edilməsi ilə bağlı səslənən fikirlərə də münasibət bildirib: “Bizə də belə məlumatlar daxil olur. Lakin anonim olduğundan bu faktları sübut etmək mümkün deyil. Heç bir məktəb direktoru şagirdlərdən pul tələb edə bilməz. Çünki suallar Təhsil Nazirliyi tərəfindən hazırlanıb və bu gün məktəblərə təhvil verilib. Belə söhbətləri yayanlar zəif oxuyan uşaqlardır”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR