Bank Of Baku

Bu gün Azərbaycan ali məktəblərinin IV ixtisas qrupu üzrə qəbul imtahanı keçirilir

Bu gün Azərbaycan ali məktəblərinin IV ixtisas qrupu üzrə qəbul imtahanı keçirilir
# 18 iyul 2009 08:10 (UTC +04:00)
APA-nın imtahan prosesini müşahidə edən əməkdaşının məlumatına görə, saat 11.00-da başlayan imtahan saat 14.00-da başa çatacaq.

Qəbul imtahanı üçün Bakı şəhərində 24, Naxçıvan şəhərində 2 bina ayrılıb. Bakı və Sumqayıt şəhərlərinin orta məktəblərindən 1086 nəzarətçi-müəllimin iştirak edəcəyi imtahana 111 imtahan rəhbəri cəlb olunub. Bu gün hərbi liseylərə, Azərbaycan Tibb Universitetinin Orta Hərbi Tibb Məktəbinə (feldşer ixtisası üzrə) də qəbul imtahanı keçirilir.

Bu il IV ixtisas qrupu üzrə 16260 abituriyent ərizə təqdim edib. Onlardan 14778 nəfəri Azərbaycan, 1482 nəfəri isə rus bölməsinin məzunudur. Abituriyentlərin 7073 nəfəri oğlan, 9187 nəfəri isə qızdır. 9791 abituriyent orta məktəblərin builki, 6469 nəfər isə əvvəlki illərin məzunudur. Bu ixtisas qrupu üzrə təhsil almaq istəyən 100 abituriyent xarici ölkələrin vətəndaşıdır. 44 abituriyent ali təhsillidir və IV ixtisas qrupu üzrə ikinci ali təhsil almaq arzusundadır. 379 abituriyent orta ixtisas məktəblərinin məzunlarıdır. Ən yaşlı abituriyent 1950-ci il, ən gənc abituriyent 1994-cü il təvəllüdlüdür. Bakıda 15058 abituriyent, Naxçıvanda 1202 abituriyent imtahan verəcək.

İmtahandan dərhal sonra müstəqil ekspertlər tərəfindən IV ixtisas qrupu üzrə test suallarının ekspertizası aparılacaq. Saat 19.30-da “Space” telekanalının canlı efirində TQDK-nın məsul əməkdaşları və ekspertləri tərəfindən imtahan suallarının düzgün cavabları elan olunacaq və test tapşırıqları ilə bağlı geniş izahat veriləcək. Düzgün cavablar TQDK-nın saytında da yerləşdiriləcək.

IV ixtisas qrupu üzrə qəbul imtahanı başa çatdıqdan dərhal sonra cavab kartlarının emalına başlanacaq və test imtahanının nəticələri qısa müddətdə TQDK-nın internet saytında açıqlanacaq. Abituriyentlər nəticələr barədə məlumatı mobil telefonla “İmtahancell” xidməti vasitəsilə də öyrənə biləcəklər.

IV ixtisas qrupunda xüsusi qabiliyyət imtahanı tələb edən ixtisaslara qəbul olmaq istəyən və qabiliyyət imtahanı komissiyasında qeydiyyatdan keçmiş abituriyentlər iyulun 22-dən 29-dək qabiliyyət imtahanı verməlidir. Qabiliyyət imtahanını müvəffəqiyyətlə verən abituriyentlər ixtisas seçimi zamanı elektron ərizələrində müvafiq ixtisasın kodunu göstərə bilərlər. Qabiliyyət imtahanından müvəffəqiyyətlə keçməyən abituriyentlərin nəticələri IV ixtisas qrupuna daxil olan digər ixtisasların müsabiqəsində iştirak etmək üçün qoyulan tələbləri ödəyərsə, onlar həmin ixtisasları seçə bilər. Bütün qruplar üzrə ixtisas seçimi abituriyentlərin qəbul imtahanlarında topladıqları ballar elan olunduqdan sonra iyulun 25-dən avqustun 3-dək internet vasitəsilə aparılacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR