Bank Of Baku

Əli Həsənov: “Məcburi köçkünlərin yataqxanalardan köçürülməsinə bu il başlana bilər”

Əli Həsənov: “Məcburi köçkünlərin yataqxanalardan köçürülməsinə bu il başlana bilər”
# 09 aprel 2010 10:22 (UTC +04:00)
APA-nın məlumatına görə, bu barədə Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov bildirib.

Artıq iki aydır bununla bağlı işlərə başlanıldığını qeyd edən komitə sədrinin sözlərinə görə, artıq yataqxanalardakı məcburi köçkünlərin köçürülməsi üçün binaların tikintisi ilə bağlı yerlər araşdırılır. Bunun üçün Masazır qəsəbsində 15 hektar torpaq sahəsi də ayrılıb və hazırda sənədləşmə işləri aparılır.

«Bu gün Bakıda 47 min ailə – 216 min məcburi köçkün yaşayır. Məcburi köçkünlər 262 yataqxanada məskunlaşıb ki, bu yataqxanalardan 70-i Təhsil Nazirliyinə məxsusdur. Bu yataqxanalarda 8200 ailə yaşayır. İlk köçürmələr təhsil müəssisələrinin yataqxanalarından başlanacaq”.

Komitə sədri onu da əlavə edib ki, ilk mərhələdə 1-2 yataqxanadan məcburi köçkünlərin köçürülməsi mümkündür. Digər yataqxanalarda məskunlaşan köçkünlərin köçürülməsi isə mərhələlərlə həyata keçiriləcək.

Ə.Həsənov bildirib ki, 16 min məcburi köçkün 75 sanatoriyada, 40-a qədər yarımçıq tikilidə, 2168 ailə (8672 nəfər) isə vaxtı ilə boş mənzillərə daxil olaraq orada məskunlaşıb: «Bu gün «zəbt edilmiş» adlanan bu mənzillərin boşaldılması məsələsinə də proses çərçivəsində baxılacaq. Köçürmələr zamanı çalışacağıq ki, mütləq bu məsələlərə də baxaq».

Dövlət Komitəsinin sədri Sumqayıt şəhərinin Hacı Zeynalabdin Tağıyev qəsəbəsindəki hərbi hissədə, Sitalçayda və Bakıdakı bəzi hərbi hissələrin ərazisində məskunlaşmış məcburi köçkün ailələrinin də yeni ərazilərə köçürüləcəyini və artıq bunun üçün torpaq sahələrinin ayrıldığı vurğulayıb.

Qeyd edək ki, ötən il Azərbaycanda bir məcburi köçkünə dövlət tərəfindən 720 ABŞ dolları xərcənib ki, bu da dünyadakı mövcud konflikt zonaları üzrə ən yüksək rəqəmdir. Ümumilikdə 1993-2009-cu illərdə qaçqın və məcburi köçkünlərə 2,9 mlrd. dollar vəsait xərclənib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR