Bank Of Baku

TQDK: Abituriyentlərin daha asan sənəd verə bilmələri üçün bütün bölgələrdə 130-dək sənəd qəbulu komissiyaları yaradılıb

TQDK: Abituriyentlərin daha asan sənəd verə bilmələri üçün bütün bölgələrdə 130-dək sənəd qəbulu komissiyaları yaradılıb
# 20 aprel 2010 09:45 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva – APA. Azərbaycanın ali təhsil müəssisələrinə və tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə sənəd qəbulu başlayıb. APA-nın məlumatına görə, bu gün sənəd qəbulunun başlanması ilə bağlı mətbuat konfransı keçirən Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) təşkilat şöbəsinin müdiri Arzu Bağırov bildirib ki, qəbul imtahanlarında iştirak etmək üçün abituriyentlər aprelin 20-dən mayın 31-dək internet vasitəsilə elektron ərizələrini doldurmalı və tələb olunan sənədləri aprelin 30-dan mayın 31-dək müvafiq Sənəd Qəbulu Komissiyalarına (SQK) təqdim edərək ərizələrini təsdiq etdirməlidirlər. SQK-lar hər gün (bayram və bazar günləri istisna olmaqla) saat 9.00-dan 17.00-dək fəaliyyət göstərirlər. A. Bağırov deyib ki, abituriyentlərin daha asan sənəd verə bilmələri üçün bütün bölgələrdə 130-dək SQK yaradılıb. Orta məktəbləri bu il qurtaran abituriyentlər sənədlərini təhsil aldıqları rayonların orta məktəblərində yaradılmış SQK-larda verə bilərlər. Artıq Bakı üzrə 22 belə məntəqə yaradılıb. Əvvəlki illərin məzunları, ali, orta ixtisas təhsili müəssisələrinin məzunları və ümumi təhsil müəssisələrini əvvəlki illərdə bitirib attestat ala bilməyən, lakin bu il buraxılış imtahanlarına buraxılan abituriyentlər ərizələrini bölgələrdəki ali məktəblər də daxil olmaqla müxtəlif ali məktəblərdə yaradılmış SQK-larda verə bilərlər. 16 yaşı hələ tamam olmamış və şəxsiyyət vəsiqəsi olmayan abituriyentlər üçün ayrıca SQK-lar yaradılıb. Ali məktəblərdə yaradılmış SQK-larda hərbi masalar da fəaliyyət göstərir. A. Bağırovun sözlərinə görə, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər TQDK-da, Gürcüstanda yaşayan azərbaycanlılar Qazax Təhsil Şöbəsində, Dağıstanda yaşayan azərbaycanlılar isə Qusar Təhsil Şöbəsində yaradılmış SQK-da sənədlərini verə bilərlər. Xüsusi təyinatlı ali məktəblərə sənəd vermək istəyən abituriyentlər üçün isə həmin ali məktəblərdə SQK-lar yaradılıb. Rus bölməsinin abituriyentləri üçün Azərbaycan dilindən imtahanlar mayın 23-ü və iyunun 20-də keçiriləcək. Mayın 23-də imtahan verən abituriyentlər elektron ərizələrini mayın 14-dək təsdiq etdirməlidirlər.

Qeyd edək ki, ali məktəblərin 3-cü ixtisas qrupu üzrə qəbul imtahanları iyulun 4-də, 1-ci ixtisas qrupu üzrə iyulun 11-də, 4-cü ixtisas qrupu üzrə iyulun 17-də, 2-ci ixtisas qrupu üzrə isə iyulun 23-də keçiriləcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR