Bank Of Baku

“Təhsil müəssisəsi və media: qarşılıqlı münasibətlər” mövzusunda dəyirmi masa keçirilib

“Təhsil müəssisəsi və media: qarşılıqlı münasibətlər” mövzusunda dəyirmi masa keçirilib
# 21 aprel 2010 13:42 (UTC +04:00)
Bakı. Elnur Məmmədli – APA. Azərbaycan Mətbuat Şurası və Təhsil Nazirliyinin Bakı şəhəri üzrə Təhsil İdarəsinin birgə təşkilatçılığı ilə “Təhsil müəssisəsi və media: qarşılıqlı münasibətlər” mövzusunda dəyirmi masa keçirilib. APA-nın məlumatına görə, 60 saylı orta məktəbdə keçirilən tədbirdə çıxış edən Bakı şəhəri üzrə Təhsil İdarəsinin rəhbəri Zəminə Əliqızı bildirib ki, təhsil müəssisələri ilə medianın əlaqələrinin düzgün qurulmasına ehtiyac var. O, təhsil müəssisələrinə maddi maraq baxımından yanaşan mətbuat orqanlarının olduğunu söyləyib: “Biz bir müddət əvvəl monitorinq apardıq və aydın oldu ki, bir ay ərzində 11 məktəbə 32 qəzetin nümayəndəsi gəlib. Həmin qəzetlərin hamısının adı Mətbuat Şurasının müəyyən etdiyi “qara siyahı”da var. Monitorinq zamanı o da müəyyən olundu ki, bir jurnalist bir neçə saat ərzində bir neçə orta məktəbdə olub”. Bununla bərabər Z. Əliqızı 4-5 il əvvəlki durumla müqayisədə “reket” jurnalistlərin orta məktəblərə axınının azaldığını vurğulayıb.

Mətbuat Şurasının sədri Əflatun Amaşov isə qeyd edib ki, dəyirmi masanın keçirilməsinin məqsədlərindən biri aparıcı KİV rəhbərlərinin təhsil sistemi ilə tanışlığıdır: “Biz 2009-cu ili “reket” mətbuatla mübarizə ili elan etdik və siyahı hazırladıq. Orta məktəblərin də bu siyahıdan xəbəri olmalıdır. Digər tərəfdən, təhsildən yazan jurnalistlər problemləri üzə çıxararkən o problemlərin həllinə yardımçı olmalıdır”.

Təhsil naziri Misir Mərdanov da bu tipli tədbirlərin əhəmiyyətli olduğunu dilə gətirib: “Biz təhsil barədə nə qədər çox düşünsək, çox danışsaq, problemləri ortaya qoysaq, o qədər millətimizə xidmət etmiş olarıq. Təki millətimiz inkişaf etsin”.

Tədbirdə KİV rəhbərləri də çıxış edərək mövzu barədə fikirlərini bildiriblər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR