Bank Of Baku

Azərbaycanda nüvə elmləri ilə bağlı aparılan elmi-tədqiqat və tətbiqi işlərin vahid reyestrinin yaradılması təklif olunur

Azərbaycanda nüvə elmləri ilə bağlı aparılan elmi-tədqiqat və tətbiqi işlərin vahid reyestrinin yaradılması təklif olunur
# 22 aprel 2010 13:11 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva – APA. Respublika Elmi Tədqiqatların Təşkili və Əlaqələndirilməsi Şurasının Nüvə Tədqiqatları üzrə Problem Şurasının iclası keçirilib. Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) mətbuat xidmətindən APA-ya verilən məlumata görə, iclasın işində Azərbaycanda nüvə elmləri ilə əlaqəli elmi-tədqiqat və tətbiqi işlərin dəqiq reyestrinin yaradılması, nüvə elmləri sahəsində həyata keçirilən layihələr və onlara münasibət, 2011-ci il üçün nüvə tədqiqatları sahəsində institutlarda, elmi-tədqiqat müəssisələrində planlaşdırılmış mövzuların qeydiyyatı və analizi, Tədqiqat Nüvə Reaktorunun əsaslandırılması üzrə Atom Enerjisi üzrə Beynəlxalq Agentliklə (AEBA) birgə işlənən layihə və onun gələcək inkişafı haqqında məsələlər müzakirə edilib. AMEA-nın Radiasiya Problemləri İnstitutunun direktoru Adil Qəribov bildirib ki, nüvə elmləri istiqamətində aparılan tədqiqat işlərinin səviyyəsinə görə Azərbaycanın postsovet ölkələri arasında geridə qalması, bu sahədə dünyada tanınmaması, xüsusilə, kadr potensialının az olması ölkənin mühüm əhəmiyyətli beynəlxalq tədbirlərdə iştirakına da maneə yaradır: “Azərbaycanda nüvə elmləri ilə bağlı aparılan elmi-tədqiqat və tətbiqi işlərin vahid reyestri yaradılmalı, bu sahədə mövcud olan mütəxəssis çatışmazlığı ilə bağlı problemin həlli istiqamətində işlər görülməli, Bakı Dövlət Universitetində, Azərbaycan Dövlət Pedaqoji Universitetində və Naxçıvan Dövlət Universitetində kadr hazırlığına başlanılmalıdır. Ölkədə nüvə texnologiyası ilə işləyən sahələr olmadığına, yalnız tibdə və neft-qazçıxarma sənayesində nüvə materiallarından istifadə olunduğuna görə, layihələr də ancaq bu qurumlar tərəfindən yerinə yetirilir. Milli Onkologiya Mərkəzində diaqnostika və müalicə üzrə AEBA-nın layihələri həyata keçirilir. Görülən işlərin dəqiq siyahısını tərtib etməli və gələn il üçün tədqiqat işlərinin mövzularını müəyyənləşdirməliyik. Görəcəyimiz işlər müvafiq sahə üzrə hazırlanacaq Dövlət Proqramının özəyini təşkil edə bilər”.
Hazırda İnstitutun AEBA ilə işlədiyi Tədqiqat Nüvə Reaktorunun texniki-iqtisadi əsaslandırılması üzrə birgə layihə əsasında kadr hazırlığı həyata keçirilir. Artıq institutunun 10 əməkdaşı AEBA xətti ilə Avropanın müxtəlif ölkələrində nüvə elmləri üzrə treninq kurslar keçirlər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR