Bank Of Baku

Bu il ilk dəfə orta ixtisas təhsili müəssisələrinə 9 illik təhsil bazasından sənəd qəbulu internetlə aparılacaq

Bu il ilk dəfə orta ixtisas təhsili müəssisələrinə 9 illik təhsil bazasından sənəd qəbulu internetlə aparılacaq
# 02 iyul 2010 08:58 (UTC +04:00)
Bakı. İlhamə İsabalayeva-APA. Tələbə Qəbulu üzrə Dövlət Komissiyası iyulun 8-dən avqustun 10-dək orta ixtisas məktəblərinə sənəd qəbulu aparacaq. APA-nın məlumatına görə, Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sədri Məleykə Abbaszadə bildirib ki, bu il ilk dəfə olaraq, 9 illik təhsil bazasından orta ixtisas məktəblərinə sənəd qəbulu internet vasitəsilə aparılacaq. Hər bir abituriyent ərizəsində müxtəlif təhsil müəssisələrinin təhsili dövlət hesabına və ödənişli olan 12-dək ixtisas kodunu qeyd edə bilər.

M. Abbaszadə deyib ki, xüsusi qabiliyyət tələb edən ixtisasları seçən abituriyentlər ilk növbədə ümumi qaydada elektron ərizə formasını doldurmalı və onu təsdiq etdirməzdən əvvəl yaradıcılıq qabiliyyətinin yoxlanılması məqsədilə seçmə turda iştirak etməlidirlər. Bu il ilk dəfə olaraq, seçmə turlar TQDK-nın təşkil etdiyi Yaradıcılıq Qabiliyyətinin Yoxlanılması Komissiyaları (YQYK-lər) tərəfindən mərkəzləşdirilmiş qaydada keçiriləcək. YQYK-lərin fəaliyyəti Bakı şəhərində Bakı Biznes Universitetində, Naxçıvan, Gəncə, Şəki, Lənkəran və Quba şəhərlərində isə TQDK-nın regional bölmələrində təşkil olunacaq. Yoxlamanın nəticəsi “məqbul” və ya “qeyri-məqbul”la qiymətləndiriləcək. Xüsusi qabiliyyət tələb edən ixtisaslar üzrə təhsil almaq istəyən abituriyent iyulun 26-dən avqustun 5-dək təhsil almaq istədiyi ixtisasa müvafiq YQYK-da qeydiyyatdan keçib seçmə turda iştirak etməlidir. Abituriyentlər ana dili, Azərbaycan tarixi və riyaziyyat fənlərindən imtahan verəcəklər. İmtahanda abituriyentlərə hər fəndən 15 sual təqdim olunacaq. Ümumi orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbulla bağlı ətraflı məlumat, o cümlədən qəbul aparılan ixtisasların siyahısı “Abituriyent” jurnalının 4-cü sayında dərc olunacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR