Bank Of Baku

Kənd Təsərrüfatı Nazirliyinin şöbə müdiri Sabir Vəliyev: “Bu il 26 min hektar taxıl sahəsi su altında qalsa da, ölkədə taxıl qıtlığı yaranmayacaq”

Kənd Təsərrüfatı Nazirliyinin şöbə müdiri Sabir Vəliyev: “Bu il 26 min hektar taxıl sahəsi su altında qalsa da, ölkədə taxıl qıtlığı yaranmayacaq”
# 07 iyul 2010 12:50 (UTC +04:00)
Bakı. Nərgiz Cavadzadə-APA. “Sabirabadın bu il subasmaya daha çox məruz qalması qarpızın qiymətinə heç bir təsir göstərməyəcək. Sel baş verməyən bölgələrdə keçən ildəkindən də çox qarpız istehsal olunacaq. Sabirabadın seldən zərər çəkməyən kənar kəndlərində qarpız, yemiş, boranı da əkilir. Ona görə də qarpızın qiymətində heç bir artım olmayacaq”. Bu sözləri APA-ya açıqlamasında Kənd Təsərrüfatı Nazirliyinin bitkiçilik məhsullarının istehsalı, emalı və ərzaq ehtiyatlarının dövlət tənzimlənməsi şöbəsinin müdiri Sabir Vəliyev deyib.

Onun sözlərinə görə, qiymət artımının baş verməməsi üçün şəhərlərdə yerli icra orqanları istehsalçılara qarpız, yemiş və digər bostan bitkilərinin satışına şərait yaratmalıdır. Şöbə müdiri qeyd edib ki, bu il qarpız da daxil olmaqla, 400 min ton bostan bitkisi istehsal olunacaq. Bu da keçən ilki istehsaldan 20 faiz artıqdır.

S.Vəliyev onu da əlavə edib ki, Kür və Araz çaylarının daşması nəticəsində bu il təxminən 26 min hektar taxıl sahəsinin su altında qalması və taxılın mayalanma prosesində çiçəklərin tökülməsi məhsuldarlığa mənfi təsir göstərməsinə baxmayaraq, bu il ölkədə taxıl qıtlığı yaranmayacaq. KTN rəsmisi hesab edir ki, Azərbaycanda tələbatı ödəyəcək qədər taxıl istehsal olunub. Bundan əlavə, ölkəyə hər ay 87 min ton taxıl idxal olunur. Buna görə də hazırda ölkədə kifayət qədər taxıl ehtiyatı var: “Aran rayonlarındakı yağış və şaxta çəyirdəkli meyvələrin çiçəklənmə dövrünə təsadüf etdiyindən onların məhvinə səbəb olub. Buna baxmayaraq, tumlu meyvə bitkiləri Azərbaycanda çoxdur və məhsulun ötən illərə nisbətən 20-25 % daha çox olacağı gözlənilir”.

S. Vəliyev çəyirdəkli bitkilərin qiymətinin yüksəlməsinə digər amillərin də təsir göstərdiyini söyləyib: “Kəndli istehsal etdiyi məhsulu Bakıya gətirərkən çoxsaylı problemlərlə qarşılaşır. Bakıda məhsulun qiyməti istehsal olunan yerlə müqayisədə 7-8 dəfə artıqdır. Burada maneələr var, dövlət bu maneələri aradan qaldırmaq üçün tədbirlər görür. Lakin hələlik bunlar kifayət qədər deyil. İstehsalçıların istehsal etdiyi məhsulun çox hissəsi yolda xarab olur. İstehsalçılar mallarını Bakı, Sumqayıt, Gəncə kimi iri şəhərlərə çatdıra bilmədiklərindən əziyyət çəkirlər. Buna görə də yerlərdə məhsulun alınması, tədarük olunması üçün yeni qurumlar yaradılmalı, məhsulun dəyəri istehsalçıya yerindəcə ödənməlidir”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR