Bank Of Baku

İyulun 11-də 35769 abituriyent I ixtisas qrupu üzrə imtahan verəcək

İyulun 11-də 35769 abituriyent I ixtisas qrupu üzrə imtahan verəcək
# 09 iyul 2010 08:28 (UTC +04:00)
APA-nın məlumatına görə, TQDK sədri Məleykə Abbaszadə bu gün keçirdiyi mətbuat konfransında bildirib ki, imtahan Bakı, Naxçıvan, Gəncə və Sumqayıt şəhərlərində aparılacaq. Bakı, Gəncə, Sumqayıt və Naxçıvan şəhərlərinin orta ümumtəhsil məktəblərindən 2413 nəzarətçi-müəllimin iştirak edəcəyi imtahana 258 imtahan rəhbəri cəlb olunub.

Bu il I qrup üzrə 35769 abituriyent ərizə təqdim edib. Sənəd verənlərin 32992 nəfəri Azərbaycan, 2777 nəfəri isə rus bölməsinin məzunudur. Abituriyentlərin 21547 nəfəri oğlan, 14222 nəfəri qızdır. Bu ixtisas qrupu üzrə təhsil almaq istəyən 156 abituriyent xarici ölkələrin vətəndaşıdır, 140 abituriyent ali təhsillidir və I ixtisas qrupu üzrə ikinci ali təhsil almaq arzusundadır. Ən yaşlı abituriyent 1954, ən gənc isə 1996-cı il təvəllüdlüdür. Bakıda 25497, Gəncədə 4573, Naxçıvanda 1353, Sumqayıtda 4346 abituriyent imtahan verəcək.

M. Abbaszadə deyib ki, imtahandan dərhal sonra müstəqil ekspertlər tərəfindən I ixtisas qrupu üzrə test suallarının ekspertizası aparılacaq. I ixtisas qrupu üzrə qəbul imtahanı başa çatdıqdan dərhal sonra cavab kartlarının emalına başlanacaq və test imtahanının nəticələri qısa müddətdə TQDK-nın internet saytında yerləşdiriləcək. Abituriyentlər nəticələr barədə məlumatı mobil telefonla “İmtahancell” xidməti vasitəsilə də öyrənə biləcəklər.

I ixtisas qrupunda xüsusi qabiliyyət imtahanı tələb edən ixtisaslara qəbul olmaq istəyən və qabiliyyət imtahan komissiyasında qeydiyyatdan keçmiş abituriyentlər iyulun 15-dən 21-dək qabiliyyət imtahanı verməlidir. Qabiliyyət imtahanını müvəffəqiyyətlə verən abituriyentlər ixtisas seçimi zamanı elektron ərizələrində müvafiq ixtisasın kodunu göstərə bilərlər. Qabiliyyət imtahanından müvəffəqiyyətlə keçməyən abituriyentlər isə I ixtisas qrupuna daxil olan digər ixtisasların müsabiqəsində iştirak edə bilərlər.

Bütün qruplar üzrə ixtisas seçimi abituriyentlərin qəbul imtahanlarında topladıqları ballar elan olunduqdan sonra iyulun 25-dən avqustun 2-dək internet vasitəsilə aparılacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR