Bank Of Baku

Azərbaycanda ilk dəfə 200 peşənin beynəlxalq standartı hazırlanacaq

Azərbaycanda ilk dəfə 200 peşənin beynəlxalq standartı hazırlanacaq
# 19 oktyabr 2010 10:08 (UTC +04:00)
Bakı. İlhamə İsabalayeva - APA-Economics. Azərbaycan hökuməti və Dünya Bankı tərəfindən maliyyələşdirilən “Sosial müdafiənin inkişafı layihəsi” çərçivəsində Almaniyanın “GOPA Consultants” beynəlxalq məsləhətçi şirkəti və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi arasında imzalanmış müqavilə əsasında “İSCO88/08-ə uyğun təkmilləşdirilmiş peşə standartları və əlaqədar təlim standartlarının hazırlanması layihəsi”nin təqdimat mərasimi keçirilib.

APA-Economics”in məlumatına görə, təqdimat mərasimində çıxış edən əmək və əhalinin sosial müdafiə nazirinin müavini Natiq Məmmədov bildirib ki, 3 ili əhatə edəcək layihənin həyata keçirilməsi Azərbaycanda əmək bazarının inkişafına, əmək potensialının təkmilləşdirilməsinə və işəgötürənlərin peşəkar işçi qüvvəsinə tələbatının ödənilməsinə xidmət edəcək. Nazir müavini layihənin müsbət nəticələrinin olacağına ümid etdiyini də deyib.

Layihənin rəhbəri Con Körli isə bildirib ki, layihənin məqsədi İSCO88/08-lə əlaqəli təkmilləşdirilmiş peşə təsnifatı və standartlarını, eyni zamanda müvafiq təlim standartlarını hazırlamaqdır. Peşə standartı konkret peşə sahələrində işçilərin yerinə yetirdikləri əmək funksiyaları və zəruri səriştələrə qarşı tələbləri sistemli şəkildə əks etdirən normativ sənəd olacaq. Layihə çərçivəsində 200 peşə və 100 təlim standartı, 200 standart üzrə qiymətləndirmə forması hazırlanacaq. Layihənin ilk ilində 50 prioritet peşə təsdiqlənəcək.

C.Körlinin sözlərinə görə, peşə standartlarının hazırlanması işinin dayanıqlı olması, onun daim təkmilləşdirilməsi üçün mərkəz yaradılmalıdır. Layihə çərçivəsində Peşə Standartları Mərkəzinin yaradılması üçün hüquqi institusional çərçivə hazırlanacaq. Eyni zamanda həmin mərkəzin işçiləri üçün təlimlər və standartlar üzrə ictimai məlumatlandırma keçiriləcək. C.Körli deyib ki, təlim proqramlarının keyfiyyətinin yaxşılaşdırılması üçün 100 təlim standartı hazırlanacaq.

Layihə rəhbərinin sözlərinə görə, peşə standartları ilk növbədə müəssisələr üçün lazımdır. Buna görə də əsas dəstək onlardan gözlənilir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR