Bank Of Baku

Azərbaycanda vətəndaşlardan heç bir sənəd almadan pensiya təyin etmək mümkün olacaq

Azərbaycanda vətəndaşlardan heç bir sənəd almadan pensiya təyin etmək mümkün olacaq
# 10 yanvar 2011 11:53 (UTC +04:00)
Fondun ictimaiyyətlə əlaqələr sektorunun müdiri Elman Babayev “APA-Economics”ə bildirib ki, avtomatlaşdırma nəticəsində vətəndaşlardan heç bir sənəd almadan onlar üçün pensiya təyin etmək mümkün olacaq. “2009-2015-ci illərdə Azərbaycan Respublikasında sığorta-pensiya sisteminin inkişafına dair Dövlət Proqramı”nda pensiya təyinatının tam avtomatlaşdırılması yolu ilə əməliyyatların vahid mərkəzdən aparılmasına keçidin təmin edilməsi 2013-cü ildə nəzərdə tutulsa da, bu prosesin daha əvvəl reallaşdırılacağı gözlənilir.

E.Babayev deyib ki, “Əmək pensiyaları haqqında” qanuna edilən son dəyişiklik nəticəsində yeni sadələşdirilmiş qaydanın tətbiqi bütün sığortaolunanlar üzrə 2006-cı il yanvarın 1-dək qazanılmış pensiya hüquqlarının ilkin pensiya kapitalı şəklində fərdi hesablarda qeydiyyatının aparılmasına imkan verir: “Bu da gələcəkdə vətəndaşlardan heç bir sənəd almadan müasir standartlara uyğun avtomatlaşdırılmış pensiya təyinatına şərait yaradacaq. Bu qaydaların tətbiqinə qədər pensiya təyinatı zamanı əsas problemlər 2006-cı ilə qədər olan dövr üçün pensiya məbləğlərinin müəyyən edilməsi metodikası ilə bağlı olurdu. Artıq bütün bu çatışmazlıqlar tam aradan qaldırılıb. Sosial sığortalanma 1992-ci ildən tətbiq olunsa da, vətəndaşların bütün işlədiyi dövrə sığorta kapitalının (2006-cı il yanvarın 1-dək olan dövrə aid ümumi iş stajının hər ili üçün 170 manat) hesablanmasına keçilib”.

E.Babayev deyib ki, 2013-2015-ci illər ərzində həm də sığortaolunanların fərdi hesablarında toplanmış sosial sığorta haqlarının məbləği barədə müasir məlumatlandırma sisteminin yaradılması nəzərdə tutulur.

Fond rəsmisinin sözlərinə görə, pensiya təyinatının avtomatlaşdırılması istiqamətində görülən əsas tədbirlərdən biri də fərdi uçot sistemində sığortaolunanlara dair ödənilmiş məcburi dövlət sosial sığorta haqları üzrə hesabatların qəbulu prosesidir. Bu istiqamətdə görülən tədbirlər nəticəsində ayrı-ayrı sığortaolunanların 2006-cı ildən sonrakı illərdə ödədikləri sığorta haqları barədə bəyannamələrin qəbulu, onların hesablara işlənilməsi artıq yekunlaşmaq üzrədir.

E.Babayev əlavə edib ki, pensiya təyinatının avtomatlaşdırılması məqsədilə zəruri tədbirlərdən biri kimi artıq DSMF-nın (www.sspf.gov.az) saytında müştəri xidmətləri sistemi (pensiya kalkulyatoru) da yerləşdirilib. İstənilən vətəndaş DSMF-yə gəlmədən bura daxil olaraq və müvafiq rəqəmləri daxil edərək öz pensiyasını hesablaya bilər. Pensiya təyinatının avtomatlaşdırılması istiqamətində aparılan islahatlara paralel olaraq pensiya kalkulyatorunun daha da sadələşdirilməsi həyata keçiriləcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR