Bank Of Baku

Almaniyada işçi qıtlığı yaranıb

Almaniyada işçi qıtlığı yaranıb
# 11 yanvar 2011 13:19 (UTC +04:00)
Bakı. Əli Əhmədov - APA-Economics. Almaniyanın iri şirkətləri ixtisaslı işçilərin qıtlığı ilə üzləşiblər.

APA-Economics”in “The Local” qəzetinə istinadən xəbərinə görə, ekspertlər bu problemin getdikcə dərinləşəcəyini bildirirlər.

Almaniya Ticarət Palatasının araşdırmalarına görə, ölkə iqtisadiyyatı ixtisaslı kadrların kəskin qıtlığı ilə üzləşib. Hazırda Almaniyaya təqribən 400 min ixtisaslı mütəxəssis lazımdır. Ən böyük işçi çatışmazlığı mühəndis-texniki sahələrdə, yüksək texnologiyalar sektorunda və səhiyyədə hiss olunur.

Almaniyanın high-tech sənayesini birləşdirən “BITKOM” assosiasiyasının hesablamalarına görə, IT-sektorda 28 min işçi çatışmır. Bu, xüsusilə proqram təminatının hazırlanması və texniki dəstək işlərinə aiddir. Səhiyyə sahəsinin isə 50 min nəfərə yaxın işçiyə ehtiyacı var.

Almaniyadakı demoqrafik prosesləri nəzərə alanda əmək bazarındakı bu vəziyyətin gələcəkdə daha da pisləşəcəyi gözlənilir. Ölkədə doğum səviyyəsi çox aşağıdır (hər qadına 1,4 uşaq düşür) və əhali qocalmaqdadır. Nəticədə Almaniyada hər il 45 min nəfər mühəndis pensiyaya çıxdığı halda, cəmi 40 min nəfər mühəndis diplomu alır. Ticarət Palatasının proqnozlarına görə, ölkədə kadr qıtlığı hər il 10% artacaq. Bu sahədə dəyişiklik baş verməsə, artıq 2030-cu ildə ölkəyə kənardan 2,7 mln. nəfər ixtisaslı işçi lazım olacaq.

Bəzi ekspertlər problemin həllini ölkəyə işləməyə gələnlər üçün viza rejiminin yumşaldılmasında görürlər. Bununla yanaşı, xaricilərin Almaniyaya işləmək üçün gəlməsi ilə bağlı bəzi problemlər var. Bura dil problemi, viza və iş icazəsi almaq üçün qarışıq qaydalar aiddir. Üstəlik, ölkədə son vaxtlar miqrantlara qarşı əhval-ruhiyyə də güclənməkdədir.

Yeri gəlmişkən, bir qədər əvvəl hökumət vəziyyətdən çıxış yolu kimi yenə də xarici işçilər üçün qaydaların yumşaldılmasını seçib. İndiyədək qüvvədə olan qaydalara görə, hazırda xarici vətəndaş alman firmasında yalnız o vaxt işə düzələ bilər ki, işə götürən tərəf (yəni firma) ona lazım olan mütəxəssisi Almaniyada tapa bilməsin. Amma AFR-in əmək naziri Ursula fon der Leyen bildirib ki, hazırda hökumət elektrik, mexanik, avtomühəndis və həkimlər üçün bu qaydaları dəyişməyə hazırlaşır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR