Bank Of Baku

2010-2011-ci dərs ilinin sonunadək Azərbaycanda 18 təhsil müəssisəsi akkreditasiyadan keçəcək

2010-2011-ci dərs ilinin sonunadək Azərbaycanda 18 təhsil müəssisəsi akkreditasiyadan keçəcək
# 13 yanvar 2011 12:49 (UTC +04:00)
Bakı. İlhamə İsabalayeva-APA. 2010-2011-ci tədris ilinin sonunadək Təhsil Nazirliyi (TN) tərəfindən Azərbaycanda 18 təhsil müəssisəsi akkreditasiyadan keçiriləcək. Nazirliyin akkreditasiya şöbəsinin müdiri Həbib Zərbəliyev APA-ya bildirib ki, onların 5-i ali məktəb, 6-ı peşə təhsili, 7-i orta ixtisas təhsili müəssisəsidir. Peşə təhsili müəssisələrinin 2-i artıq akkreditasiyadan keçirilib.

H. Zərbəliyev deyib ki, 2010-cu ildə 15 təhsil müəssisəsi akkreditasiyadan keçirilib. Onların 8-i ali, 2-si orta ixtisas, 2-si isə ilk peşə-ixtisas təhsil müəssisəsidir.

Nazirlik rəsmisinin sözlərinə görə, ötən il ərzində iki ali məktəbin – Azərbaycan Beynəlxalq Universiteti və Moskva Dövlət Açıq Universitetinin Bakı filialının fəaliyyəti dayandırılıb.

Qeyd edək ki, TN Nazirlər Kabinetinin 2004-cü ildə təsdiqlədiyi “Ali və orta ixtisas təhsili müəssisələrinin attestasiyası və akkretisasiyası haqqında” əsasnaməyə uyğun olaraq, 2005-2006-cı tədris ilindən ali və orta ixtisas təhsili müəssisələrinin akkreditə olunmasına başlayıb. Akkreditasiya təhsil prosesinin təşkilinin, müəssisənin maddi-texniki bazasının, təhsil proqramlarının, kadr potensialının, maliyyə resurslarının və təhsil infrastrukturunun qəbul olunmuş dövlət standartlarına uyğunluğunu müəyyən etmək məqsədilə aparılır. Bu proses məktəbin statusunun müəyyən edilməsinə, onun fəaliyyətinin növbəti beş il müddətinə uzadılmasına hüquqi təminat yaradır. Akkreditasiya zamanı məktəbin sonuncu kursunda təhsil alanların biliyinin attestasiyası da keçirilir. Akkreditasiyadan keçmiş təhsil müəssisəsinə müvafiq keyfiyyət sənədi - sertifikat verilir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR