Bank Of Baku

Azərbaycan Səhiyyə Nazirliyi BMT Əhali Fondunun hesabatına münasibət açıqlayıb

Azərbaycan Səhiyyə Nazirliyi BMT Əhali Fondunun hesabatına münasibət açıqlayıb
# 27 oktyabr 2011 15:00 (UTC +04:00)
Bakı. Sevil Zeynalqızı – APA. BMT-nin Əhali Fondunun “Dünya əhalisinin durumu-2011” adlı hesabatında Azərbaycana dair heç bir mənbəyə əsaslanmayan bəzi yanlış məlumatlar var. APA-nın məlumatına görə, Səhiyyə Nazirliyinin bununla bağlı yaydığı açıqlamada deyilir ki, Azərbaycan Dövlət Statistika Komitəsi tərəfindən ana və uşaq ölümünə dair göstəriciləri illər üzrə dəqiqliyi ilə hesablanıb. Həmin göstəricilər eyni zamanda ÜST tərəfindən qəbul olunub və hesabata salınıb.

Nazirliyin açıqlamasında bildirilir ki, 1993-cü ildə Azərbaycanda 0-1 yaşadək körpə ölümü hər min diri doğulana 28,2 faiz təşkil edirdisə, son iki ildə bu göstərici 11 faizə enib. 0-5 yaşadək uşaq ölümü 1993-cü illə müqayisədə hər min diri doğulana 44,4 faizdən 4,3 faizədək azalıb. Ana ölümü 1993-cü illə müqayisədə hər 100 min diri doğulana 34,4 faktdan 2010-cu ildə 15,7-dək azalıb. Əhalinin maarifləndirilməsi istiqamətində görülən tədbirlər nəticəsində evdə doğuşlar əhəmiyyətli dərəcədə azalıb. 2010-cu ilin statistikasına görə bu göstərici ümumi doğuşların 2,3 faizini təşkil edir.

Qeyd edək ki, BMT-nin Əhali Fondunun “Dünya əhalisinin durumu-2011” adlı hesabatında Azərbaycanda beş yaşına çatmamış uşaqlar arasında hər 1000 nəfərə təqribən 33 ölümün düşdüyü bildirilir. Məlumatda o da qeyd edilib ki, ölkədə hər 100 000 doğuş zamanı 38 ana dünyasını dəyişir. Ölkədə doğuşların 88 faizi peşəkar tibbi personal tərəfindən qəbul edildiyi halda, qalan 12 faizi ev şəraitində və peşəkar tibbi yardım olmadan baş verir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR