Bank Of Baku

Azərbaycanda iş yerində İİV-in qarşısının alınması üzrə strategiya hazırlanacaq

Azərbaycanda iş yerində İİV-in qarşısının alınması üzrə strategiya hazırlanacaq
# 31 oktyabr 2011 12:48 (UTC +04:00)
Bakı. Sevil Zeynalqızı - APA. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində Beynəlxalq Əmək Təşkilatının (BƏT) “İİV/QİÇS və əmək sahəsi haqqında” 200 saylı Tövsiyəsinin təşviqi çərçivəsində İİV/QİÇS və əmək sahəsi üzrə milli siyasətin hazırlanmasına həsr olunmuş üçtərəfli seminar işə başlayıb. Nazirliyin ictimaiyyətlə əlaqələr şöbəsindən APA-ya verilən məlumata görə, iki gün davam edəcək seminar BƏT-in Layiqli Əməyə Texniki Dəstək Qrupunun və Şərqi Avropa və Mərkəzi Asiya Ölkələri üzrə Ofisinin təşəbbüsü ilə keçirilir.

Ayrı-ayrı hökumət və qeyri-hökumət təşkilatlarının nümayəndələrinin iştirakı ilə keçirilən tədbirin əsas məqsədi BƏT-in İİV/QİÇS və əmək sahəsi haqqında 200 saylı Tövsiyəsinin təşviqində fəal iştirakın təmin edilməsidir. Seminar çərçivəsində əmək sahəsində İİV/QİÇS üzrə qabaqlayıcı tədbirlər üçün qarşılıqlı əlaqə və mexanizmlər, o cümlədən Azərbaycanda iş yerində İİV-in qarşısının alınması üzrə strategiyanın hazırlanması məsələləri müzakirə olunacaq.

Qeyd edək ki, BƏT-in sözügedən Tövsiyəsi 2010-cu ilin iyun ayında keçirilmiş Beynəlxalq Əmək Konfransının 99-cu Sessiyasında qəbul edilib və BƏT-ə üzv dövlətləri İİV/QİÇS və əmək sahəsi üzrə milli siyasət və proqramların qəbul edilməsinə çağırır. Sənəddə qeyd olunub ki, milli siyasət və proqramlar işəgötürənləri və işçiləri təmsil edən təşkilatlarla məsləhətləşmələr aparılmaqla müvafiq qurumlar tərəfindən hazırlanmalıdır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR