Bank Of Baku

Azərbaycan paytaxtında sürüşmə zonalarının siyahısı açıqlanıb

Azərbaycan paytaxtında sürüşmə zonalarının siyahısı açıqlanıb
# 12 dekabr 2011 15:15 (UTC +04:00)
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Kompleks Hidrogeologiya və Mühəndis Geologiyası Ekspedisiyasının baş mühəndisi Şaiq Niftiyev APA-ya açıqlamasında bildirib ki, bu ərazilər Əhmədli, Qaraçuxur, Zığ, Günəşli-Əhmədli arası sahə, Nərimanov heykəlinin ətrafındakı park sahəsi və Bayıldır: “Bu ərazilər aktiv sürüşmə sahələri olduğuna görə, orada daimi monitorinq və müşahidələr aparılır. Hələlik vəziyyət stabildir”.

Ş. Niftiyev deyib ki, paytaxt ərazisindəki sürüşmələrin yaranmasında antropogen və texnogen amillərin təsiri də rol oynayır: “Zığ yamacında sürüşmə texnogen amillərdən baş verib. “Əhmədli 1” sahəsində texnogen, “Əhmədli 2”-də isə təbii faktorlar üstündür. Nərimanov heykəli ətrafındakı park sahəsində ötən il güclü aktivləşmə getdi, o da texnogen amillərdən baş vermişdi. Yunus Dağlı, Həsən Seyidbəyli, Salatın Əsgərova və Qurtqaşınlı küçələrində ötən il böyük çökmə sahələri yarandı, bu da kanalizasiya sularının təsirindən baş vermişdi. Bakı şəraitində texnogen amillərlə yanaşı, seysmogen amillər də öz təsirini göstərir. Bayıl yamacında iş apararkən yolla hərəkət edən 40 tonluq maşınların vibrasiyasını aparatlar hiss eləyir”.

Ş. Niftiyevin sözlərinə görə, hazırda Bayıl yamacında vəziyyət stabildir. Burada Fövqəladə Hallar Nazirliyi tərəfindən yeni elektron monitorinq sistemi qurulub: “Hələlik bu ərazidə qorxulu hal yoxdur. 2003-cü ildə Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən həmin ərazidə 3 sürüşmə sahəsi müəyyən edilib. Həmin ərazilər bu il Respublika Seysmoloji Xidmət Mərkəzinin işləri ilə də təsdiqləndi. Yapon mütəxəssisləri ilə aparılan işlər də təsdiq etdi ki, Bayılda 3 dərinlikdə sürüşmə müstəvisi mövcuddur. 2000-ci ildə baş verən sürüşmənin aktiv müstəvisi o vaxt 43-74 metr arasında idi. Həmin müstəvi özünü saxlayır. Bu müstəvi üzərində problematik intensivləşmə yoxdur. Bu ilin avqustunda bir balaca aktivlik yarandı, köhnə sürüşmə müstəvisi boyunca çatlar əmələ gəldi. Amma hazırda orada stabillikdir”.

Mütəxəssis qeyd edib ki, hazırda Bayıl ərazisində bərkitmə işləri aparılır: “Neftçilər prospekti boyunca istinad divarları 40 metr dərinliyinə qədər bərkidilir. Burada görülən tədbirlər olduqca qənaətbəxşdir”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR