Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən 18 yaşınadək əlilliyi olan şəxslər üçün “Reabilitasiya avtobusu” fəaliyyət göstərir.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən APA-ya bildirilib ki, avtobus Sumqayıt şəhəri, Masazır qəsəbəsi, 20 Yanvar dairəsi, Koroğlu metrostansiyası istiqamətində əvvəlcədən təyin olunmuş gözləmə məntəqələrindən uşaqları götürərək Bakı şəhərindəki 2 saylı Uşaq Reabilitasiya Mərkəzinə çatdırır.
Layihənin məqsədi Bakı və ətraf ərazilərdə yaşayan və nəqliyyat problemi olan əlilliyi olan uşaqların ambulator və icmaəsaslı reabilitasiya xidmətlərinə əlçatanlığını artırmaqdır.
Fəaliyyətə başladığı gündən 250-dən çox 18 yaşınadək əlilliyi olan şəxs avtobusdan istifadə edib.