Bakıda keçirilən 4-cü Beynəlxalq Minatəmizləmə Konfransı çərçivəsində “Minatəmizləmə fəaliyyəti şəhərlərin bərpası üçün əsas amil kimi” mövzusunda panel müzakirəsi keçirilib.
APA xəbər verir ki, müzakirələr zamanı humanitar minatəmizləmənin şəhərlərin təhlükəsiz bərpası və yenidən qurulmasının əsas şərtlərindən biri olduğu bildirilib.
Panel iştirakçıları mina təhlükəsinin şəhərsalma və postmünaqişə inkişaf proseslərinə inteqrasiyası, mina çirklənməsinin şəhərlərin bərpasına yaratdığı çətinliklər, təmizlənmiş ərazilərin dayanıqlı iqtisadi imkanlara çevrilməsi məsələlərini müzakirə ediblər.
Həmçinin humanitar minatəmizləmə fəaliyyəti ilə məşğul olan qurumlar, şəhərsalma institutları və tikinti orqanları arasında effektiv koordinasiyanın əhəmiyyəti vurğulanıb.
Qeyd olunub ki, ərazilərin mina və digər partlayıcı sursatlarla çirklənməsi yenidənqurma layihələrinin həyata keçirilməsini ləngidir və investisiya risklərini artırır. Bu baxımdan mina təhlükəsinin aradan qaldırılması təhlükəsiz məskunlaşma və infrastruktur layihələrinin həyata keçirilməsi üçün əsas şərtlərdən biridir.
Panelin yekununda bildirilib ki, təhlükəsiz şəhərlərin formalaşdırılması təhlükəsiz torpaqdan başlayır. Humanitar minatəmizləmə yalnız təhlükəsizlik tədbiri deyil, eyni zamanda dayanıqlı inkişafın, iqtisadi dirçəlişin və insanların təhlükəsiz məskunlaşmasının əsasını təşkil edir.
Müzakirələrdə həmçinin humanitar minatəmizləmə qurumları, şəhərsalma institutları və tikinti orqanları arasında koordinasiyanın bərpa prosesinin səmərəliliyinin artırılmasında mühüm rol oynadığı diqqətə çatdırılıb.