Hazırkı tədbirdə iştirak edən qeyri-hökumət təşkilatları günü-gündən güclənməkdə olan Türk dünyasının inteqrasiyasına böyük töhfə verməkdədirlər.
APA xəbər verir ki, bu sözləri Milli Məclisin deputatı, Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələrin QHT-lərinin Platformasının baş katibi Azər Allahverənov Türk Dövlətləri Təşkilatına üzv ölkələrin QHT-lərinin II Əməkdaşlıq Forumunda deyib.
O bildirib ki, bu gün Platforma ortaq tariximizdən, mədəni bağlılıqlarımızdan, həmrəylik, əməkdaşlıq və qarşılıqlı hörmət prinsiplərindən irəli gələrək, Türk dünyası çərçivəsində sosial, humanitar və cəmiyyətlərarası əlaqələrin inkişafında və dərinləşməsində, QHT-lər arasında birlik və həmrəyliyin gücləndirilməsində mühüm rol oynamaqdadır: “Türk xalqları arasında diplomatiyanın, dialoqun, mübadilələrin dərinləşməsi məqsədilə QHT-lər arasında potensialın artırılması, təcrübə və bilik mübadiləsinin geniş şəkildə təşviq olunması istiqamətində öz işini quran Platforma qısa müddət ərzində iki-üç və çox tərəfli tədbirlərin keçirilməsinə nail olub. Ümid edirik ki, Platformamızda təmsil olunan QHT-lər tərəfindən yaxın gələcəkdə həyata keçirilməsi planlaşdırılan birgə layihə və fəaliyyətlər xalqlarımız arasında həmrəyliyin möhkəm təməllər üzərində bərqərar olmasına əlverişli şərait yaradacaq, eyni zamanda Türk dünyasının inteqrasiyasına mühüm töhfələr verəcəkdir”.