Gələn həftə Bakıda keçiriləcək İslam Əməkdaşlıq Təşkilatına (İƏT) üzv dövlətlərin əmək nazirlərinin V Konfransı üzv ölkələr arasında əmək, məşğulluq, sosial müdafiə sahələrində əməkdaşlığın genişlənməsinə öz töhfəsini verəcək.
APA xəbər verir ki, bunu noyabrın 21-23-də keçiriləcək İslam Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin əmək nazirlərinin beynəlxalq tədbirinə dair mətbuat konfransında əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Kərimov vurğulayıb.
O deyib ki, İƏT Ermənistanın Azərbaycana qarşı təcavüzü ilə bağlı daim ədalətli mövqeyə malik olub, 30 ilə yaxın ölkəmizin ərazilərini işğal altında saxlamış Ermənistanın hərbi təcavüzünü pisləyərək və Azərbaycanın haqlı mövqeyini dəstəkləyərək bununla əlaqədar bir çox qətnamələr qəbul edib.
Anar Kərimov 44 günlük Vətən müharibəsi dövründə də İƏT-in Azərbaycanın ədalətli mövqeyini qətiyyətlə dəstəklədiyini qeyd edib. O deyib ki, Azərbaycan İslam həmrəyliyinin güclənməsində mühüm rola malikdir.
Anar Kərimov deyib ki, Gələn həftə Bakıda İƏT çərçivəsində əmək mərkəzinin fəaliyyətə başlayacağı gözlənilir.
O bildirib ki, bu da sosial tərəfdaşlığın, Azərbaycanda əmək münasibətləri sahəsində müxtəlif proqramların daimi əsaslarda təmsil olunmasını təmin etməyə imkan verəcək:
"Gələn həftə bu mərkəzin rəhbərinin seçilməsi üçün seçkilərin keçirilməsi gözlənilir. Gözlənilir ki, ilkin mərhələdə Əmək Mərkəzinin fəaliyyətə başlaması üçün DOST mərkəzlərindən birində yer ayrılacaq".
Qeyd edək ki, Şuşa şəhərinin 2024-cü il üçün İslam dünyasının paytaxtı elan edildiyi və habelə Şuşanın İƏT-in 2024-cü il üzrə Gənclər Paytaxtı da seçilib. 2013-cü ildə Bakıda İƏT-in əmək nazirlərinin 2-ci Konfransı keçirilib. Konfransda iştirak edən nümayəndə heyətləri rəhbərlərini qəbul edərkən Prezident İlham Əliyev Mərkəzi Qərargahı Bakıda olmaqla İƏT-in Əmək Mərkəzinin yaradılması təşəbbüsü ilə çıxış edib və bu təşəbbüs İƏT-ə üzv ölkələr tərəfindən yekdilliklə dəstəklənib.
İƏT-ə üzv dövlətlərin əmək nazirlərinin bu il noyabrın 21-23-də keçiriləcək V Konfransının Təşkilata üzv ölkələrin sosial sahənin, o cümlədən əmək bazarının inkişaf etdirilməsi, məşğulluq, işsizliyin aradan qaldırılması, yoxsulluğun azaldılması, insan kapitalının inkişafı, əmək miqrasiyası kimi məsələlərin həlli üzrə əməkdaşlıq əlaqələrinin genişlənməsinə, bu sahələrdə faydalı məlumat və təcrübə mübadilələrinə imkan verəcəyi vurğulanıb.