Bu gün Heydər Əliyev adına İdman Konsert Kompleksində Beynəlxalq Xeyriyyə Yarmarkası keçirilir.
APA xəbər verir ki, yarmarka Azərbaycan – BMT tərəfdaşlığının 30 illiyi, Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyinin 3 ilinin tamam olması və hər il dünyada 24 oktyabr tarixində qeyd olunan BMT gününə həsr olunur.
Tədbir çərçivəsində müxtəlif ölkələrin Azərbaycanda akkreditə olunmuş nümayəndəlikləri tərəfindən təmsil etdikləri ölkələrin milli mədəniyyətlərini tərənnüm edən milli mətbəx nümunələri və suvenirlər xeyriyyə məqsədilə rəmzi qiymətə satışa çıxarılır.
BMT-nin müxtəlif qərargahlarında illik əsasda həyata keçirdiyi bənzər xeyriyyə tədbirlərinin təcrübəsinə uyğun olaraq, yarmarkanın gedişatında bir sıra qiymətli hədiyyənin öz sahibini tapacağı müsabiqə təşkil edilir. Tədbirdə, həmçinin qeyd olunan ölkələrin və Azərbaycanın milli rəqs və musiqi nömrələrindən ibarət geniş mədəni proqram nümayiş olunur.
Xeyriyyə Yarmarkasına minlərlə ziyarətçinin qatılacağı gözlənilir. Tədbirə giriş və müsabiqədə iştirak üçün biletlərin satışı, eləcə də yarmarkada həyata keçirilən satışlardan əldə olunan ümumi vəsait YUNİSEF-in Azərbaycanda fiziki imkanları məhdud uşaqlarla bağlı həyata keçirdiyi layihənin maliyyələşdirilməsinə sərf olunacaq.
Tədbirin təşkilatçıları Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi, Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi, BMT-nin Azərbaycanda Rezident Əlaqələndiricisinin Ofisi və Qoşulmama Hərəkatının Gənclər Təşkilatıdır. Tədbirin təşkilinə, həmçinin Beynəlxalq İnkişafa Yardım Agentliyi, BP Azərbaycan, Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi, Dövlət Turizm Agentliyi, Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurası, İTicket.az, Azərbaycan Gənclər Fondu da öz töhfəsini verir.
Xeyriyyə Yarmarkasında Argentina, Braziliya, Birləşmiş Ərəb Əmirlikləri, Çexiya, Çin, Estoniya, Əlcəzair, Fransa, Fələstin, Gürcüstan, İndoneziya, İordaniya, İraq, Kuba, Qətər, Qazaxıstan, Xorvatiya, Latviya, Litva, Liviya, Macarıstan, Malayziya, Mərakeş, Misir, Pakistan, Rumıniya, Rusiya, Serbiya, Səudiyyə Ərəbistanı, Sudan, Tacikistan, Türkiyə, Türkmənistan, Ukrayna və Venesuelanın, həmçinin BMT, Avropa Birliyi, İslam Əməkdaşlığı Gənclər Forumunun Avrasiya Regional Mərkəzi və Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun ölkəmizdə fəaliyyət göstərən nümayəndəlikləri iştirak edirlər.