“Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayev Bakıya səfəri bu qardaş türk dövlətinin, eyni zamanda çox gözəl münasibətlərə malik olduğumuz dəniz qonşumuzun rəhbərinin ölkəmizə ilk gəlişi deyil. Amma mövcud gərgin geosiyasi situasiya, qlobal siyasi və iqtisadi böhran fonunda, habelə Kasım-Jomart Tokayevin 5 gün öncə Soçidən döndüyünü nəzərə alsaq, bu səfərin xüsusi əhəmiyyət daşıdığı aydındır”.
Bunu APA-ya açıqlamasında Milli Məclisin deputatı Bəhruz Məhərrəmov bildirib.
Deputat deyib ki, Qazaxıstan Prezidentinin səfəri məhz bu detalların fonunda təhlil edilməlidir: “Sirr deyil ki, Vətən müharibəsi Cənubi Qafqazda və ümumilikdə bölgəmizdə, habelə postsovet məkanında yeni bir dönəmə yola açdı. Bu dönəmin əsas oyunçusu isə Azərbaycandır. Azərbaycan Prezidentinin bütün mümkün inkişaf tendensiyalarını uzaqgörənliklə proqnozlaşdıraraq reallaşdırdığı qlobal enerji və nəqliyyat infrastrukturları Vətən müharibəsindən sonra yaranan yeni situasiyada daha cazibədar görünməyə başlayıb. Xüsusən Prezident İlham Əliyevin Zəngəzur dəhlizi ideyası istiqamətində səyləri, Türkiyə, Rusiya və İranı prosesdə iştiraka cəlb edə bilməsi Azərbaycanın nəqliyyat habı kimi çəkisini müqayisəsiz dərəcədə artırmaqdadır. Xüsusən də Azərbaycan Türk dünyası üçün yeni bir ümidə çevrilməkdədir. Daha sadə dillə desək, Prezident İlham Əliyevin qurduğu siyasi konfiqurasiya ilə Azərbaycan Türk dünyası üçün siyasi mərkəz, bölgədə sağlam maraqları olan dövlətlər üçün etibarlı tərəfdaş, qonşuları üçün isə güvənilən çıxış qapısı, təhlükəsiz tranzit imkanına çevrilib”.
Bəhruz Məhərrəmov qeyd edib ki, Orta Asiyanda nəhəng potensiala malik Qazaxıstan da təbii ki, bu prosesləri diqqətlə izləyir və reallığı dəqiqliklə qiymətləndirir: “Özünün böyük enerji resurslarını reallaşdırmaq üçün şaxələndirilmiş imkanlara malik olmaq Qazaxıstan üçün inkişafın əsas şərtidir. Proseslərin gedişatı və xüsusən də bugünkü səfər də göstərir ki, Qazaxıstanın gələcək inkişaf strategiyasında, xüsusən enerji resurslarının Qərb bazarına çıxarılması işində əsas həlqələrdən biri və bəlkə də birincisi məhz Azərbaycanla tərəfdaşlıqdır. İlk növbədə ona görə ki, Azərbaycan təhlükəsiz və stabil dövlətdir, ikincisi, Azərbaycanda güclü mərkəzi hakimiyyət və rəhbərlikdə beynəlxalq öhdəliklərinə sözsüz əməl edən qlobal səviyyədə şəxsi nüfuza malik şəxs var. Digər tərəfdən, Azərbaycan Prezidentinin siyasətində Türk dövlətləri ilə münasibətlər xüsusi önəmə malikdir. Eyni zamanda Azərbaycan lideri Rusiya və Qərb arasında balansı qoruya bilmiş çox azsaylı liderlərdədir. Əlbəttə, belə məqamda Kasım-Jomart Tokayev üçün qardaş Azərbaycandan etibarlı tərəfdaş seçmək mümkün deyil. Kökündə hər iki dövlətin sağlam və suveren maraqları dayanan və üçüncü tərəflərə qarşı yönəlməyən səmimi tərəfdaşlıq isə artıq strateji müttəfiqlik deməkdir. Beləliklə, Prezident İlham Əliyev Azərbaycanın strateji müttəfiqlərinin sayını artırmaqla bərabər, Türkiyə və Özbəkistanın ardınca Qazaxıstanın da ciddi dəstək verdiyi Türk birliyinin iqtisadiyyat, siyasət, hətta sosial amilləri nəzərə almaqla çox səmərəli formatını qura bilmiş ilk lider kimi tarixə düşməkdədir”.