Bəzi ərazilərdə sürüşmələr aktivləşib

Bəzi ərazilərdə sürüşmələr aktivləşib
# 17 noyabr 2023 16:56 (UTC +04:00)

Son zamanlar bir sıra çayların dərəsində, dağ yamaclarında, sürüşməyə meyilli ərazilərdə sürüşmələrin aktivləşməsi müşahidə edilir.

Bunu APA-ya açıqlamasında Elm və Təhsil Nazirliyinin akademik Həsən Əliyev adına Coğrafiya İnstitutunun Landşaftşünaslıq və Landşaft Planlaşdırılması şöbəsinin müdiri Mirnuh İsmayılov deyib.

O bildirib ki, bu yalnız Lənkəran-Astara zonasında yox, Böyük Qafqazın cənub, şimal-şərq yamacında, eyni zamanda, Abşeron yarımadasında müşahidə edilir: “Son zamanlar çay dərələrində gedən proseslər bizi daha çox narahat edir. Çünki çay dərələrində gedən təbii geomorfoloji proseslərə insanın müdaxiləsi nəticəsində bu hadisələri müşahidə edirik”.

Mirnuh İsmayılov buna iqlim dəyişmələri ilə əlaqədar çaylarda suyun azalmasının səbəb olduğunu bildirib: “Bu hal insanları çay yatağına doğru hərəkət etməyə vadar edir. Müşahidələrimiz göstərir ki, insanlar düşünmədən, müəyyən planlaşdırma aparmadan çay yataqlarına yaxın yerlərdə, hətta bəzi hallarda çay yataqlarında ev tikir, bağ sahələri salırlar. Çünki suyun olmaması və çay yataqlarında da suyun quruması onları bu addımı atmağa təhrik edir və onlar düşünürlər ki, daha buraya su gəlməyəcək”.

Alim bu yaxınlarda Astaranın Şiyəkəran kəndində olduqlarını xatırladıb: “Orada da çay yatağında sürüşmə, uçqun olmuşdu. Evlər, bağ sahələri, təhlükəli vəziyyətə düşmüşdü, yollar dağılmışdı”.

Mirnuh İsmayılov vurğulayıb ki, bu cür hadisələrdən sonra bərpa işləri üçün xeyli vəsait tələb olunur. Alim əhalinin bu mövzuda məlumatlandırılmasının vacibliyinə toxunub.

O qeyd edib ki, proqnozlara görə, iqlim dəyişmələri ilə bağlı olaraq birdən-birə güclü leysan yağışlarının yağması müşahidə olunacaq:

"5-10 il sonra gözlənilmədən yağan leysan yağışlar çoxalacaq. Bu da torpaq erroziyasına, sürüşmələrə səbəb olacaq. Qəfil daşqınlar baş verəcək”.

Alim bir müddət əvvəl Lənkəran zonasında az miqdarda düşən yağıntıdan sonra böyük bir sahənin su altında qaldığını bildirib: “Orada da olmuşuq, qeydlərimizi götürmüşük. Yenə deyirəm, ərazidə planlaşdırma apardıqdan sonra məskunlaşmanı salmaq lazımdır".

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR