Bank Of Baku

Bir qrup müəllim beynəlxalq sertifikatla təltif edilib

Bir qrup müəllim beynəlxalq sertifikatla təltif edilib
# 25 avqust 2023 18:20 (UTC +04:00)

Azərbaycanın aparıcı təhsil ocaqlarından olan Avropa Azərbaycan Məktəbi davamlı olaraq pedaqoji heyətin peşəkar inkişafına yönəlmiş tədbirlər həyata keçirir. Bu yaxınlarda bu silsilədən olan daha bir genişmiqyaslı layihə uğurla başa çatıb.

APA xəbər verir ki, məktəbin 7 nəfər müəllimi Cambridge İnstitutunun müəllimlər üçün nəzərdə tutulmuş CELT P və CELT S kurslarını uğurla tamamlayıb və avqustun 25-də Cambridge İnstitutunun Azərbaycanda müəllimlərin peşəkar inkişafı üzrə əsas tərəfdaşı olan Azərbaycan Müəllim İnkişafı Mərkəzində (AMİM) kursları uğurla tamamlayan müəllimlərinə müvafiq Cambridge Beynəlxalq Sertifikatları təqdim olunub.

Bildirilib ki, CELT-P (Certificate in English Language Teaching – Primary) ibtidai siniflərə ingilis dilini tədris edən müəllimlərə özlərinin pedaqoji bacarıqlarını inkişaf etdirməyə və bir müəllim kimi özlərinə olan inamlarını artırmağa kömək edir. Bu təlim 6-12 yaşlı şagirdlərə dil öyrədən müəllimlər üçün nəzərdə tutulmuş praktiki müəllimlik kvalifikasiyadır.

CELT-S (Certificate in English Language Teaching – Secondary) müvafiq olaraq 11-18 yaşlı şagirdlərə dil öyrədən müəllimlər üçün nəzərdə tutulmuş praktiki müəllimlik kvalifikasiyadır.

Bu təlimlər müəllimlərə ingilis dilinin xarici dil kimi tədrisi ilə bağlı əsas çətinliklərin öhdəsindən gəlməyə kömək edəcək strategiyaları mənimsədir. İştirakçı müəllimlər onlayn dərslər, əyani təlim və dərs müşahidəsi vasitəsilə öz pedaqoji bilik və bacarıqlarını inkişaf etdirirlər.

Tədbirdə çıxış edən AMİM-in rəhbəri cənab Françesko Bankini təlimin əhəmiyyəti barədə danışaraq, bütün iştirakçıları təlimləri uğurla bitirmələri münasibətilə təbrik edib və onlara gələcək peşəkar fəaliyyətlərinə yeni uğurlar arzulayıb. O bildirib ki, bu prosesdə müəllimlər özlərini inkişaf etdirir, daha sonra əldə etdikləri bilik və bacarıqları məktəbdə tədris zamanı istifadə edirlər:

“Bu beynəlxalq sertifikatdır. Müəllimlər bu sertifikatdan həmçinin ölkə xaricində faydalana və töhfə verə biləcəklər. Biz məktəb olaraq daim müəllimlərimizin inkişafına yatırım edirik”.

Kursda iştirak etmiş müəllim Aysel Ələsgərova deyib ki, kursda dil müəllimindən tələb olunan bütün istiqamətlərə xüsusilə diqqət edilib və müəllimlər üçün mentorlar təşkil olunub:

“Dərslər şagirdlərin ehtiyacına uyğun şəkildə iki istiqamətdə təşkil edilmişdi. Bu baxımdan da kurs kifayət qədər detallı düşünülmüş və olduqca faydalı idi. Bu cür kurslar müəllimlərdə özünə daha çox inam yaradır. Ona görə inkişafda olan və daim özünü inkişaf etdirməyə can atan müəllimlər üçün belə kursların olduqca faydalı olduğunu düşünürəm”.

Müəllim Könül Mahmudova deyib ki, bu, müəllimlərin inkişafında xüsusi rol oynayan dünyaca tanınmış kursdur və müəllimlərə nəinki yerli, həmçinin xarici məktəblərdə işləmək şansı yaradır:

"Kurs müasir müəllimdən bütün gözləntiləri özündə əks etdirir. Kursda müasir dərs strukturunu qurmağı, düzgün qiymətləndirmə formalarını bir çox yollarla öyrəndik. Bu texnikaları artıq dərslərimizdə istifadə edirik”.

Tədbirin sonunda iştirakçılara Cambridge tərəfindən verilən rəsmi sertifikatlar təqdim edilib.

Qeyd edək ki, Azərbaycan Müəllim İnkişafı Mərkəzi Cambridge Assessment English təşkilatının Azərbaycandakı tərəfdaşı olaraq bu kimi təlimlərin mütəmadi təşkil edir və bütün maraqlananları müvafiq proqramlardan faydalanmağa dəvət edir.

Əlaqə: 0502901695

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR