Birinci Qarabağ müharibəsində itkin düşmüş hesab edilən və nəşinin qalıqları 33 il sonra tapılan şəhid Abdulla Novruz oğlu Quliyevlə vida mərasimi keçirilib.
APA xəbər verir ki, vida mərasimindən sonra şəhidin nəşinin qalıqları Abşeron rayonu, Saray qəsəbəsindəki qəbiristanlıqda torpağa tapşırılıb.
Dəfn mərasimində mərhumun yaxınları, dövlət və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Şəhidin qardaşı Əhəd Əliyev deyib ki, qardaşı könüllü olaraq Şuşa döyüşlərində iştirak edib və orada şəhid olub: “1992-ci ildə Şuşa işğal olunanda Abdullanın yanacaqdoldurma məntəqəsinin yaxınlığında döyüşdüyü, orada şəhid olduğu xəbəri çatdı. Sonradan ondan heç bir xəbər olmadı. Şükürlər olsun ki, Ali Baş Komandanın rəhbərliyi ilə torpaqlarımız azad olundu. İtkin qardaşımdan da xəbər çıxd. Qardaşımın nəşinin qalıqları tapıldı və bu gün dəfn olundu. Bu işdə əməyi olan hər bir kəsə minnətdaram. 33 il idi ki, biz bu günü gözləyirdik. İndi onun ziyarətinə gedəcəyimiz bir məkanımız var”.
Qeyd edək ki, şəhid Abdulla Quliyev 26 oktyabr 1968-ci ildə Göyçayda anadan olub. O, Birinci Qarabağ müharibəsində döyüşlərdə iştirak edib. A.Quliyev 8 may 1992-ci ildən Şuşa şəhərində itkin düşmüş hesab edilib.