Birinci Qarabağ müharibəsində itkin düşən şəhid Mübariz Hüseynovun qalıqları Bakıda dəfn olunub.
APA xəbər verir ki, şəhidin qalıqları Suraxanı rayonu, Dədə Qorqud qəsəbəsindəki Şəhidlər xiyabanında torpağa tapşırılıb.
Şəhid Mübariz Hüseynovun qardaşı Kamandar Hüseynov APA-ya açıqlamasında bildirib ki, qardaşını İmişlidə naməlum əsgər kimi dəfn etmişdilər:
"Qardaşım Mübariz Hüseynov 1992-ci il sentyabrın 29-da Gorana əsgərliyə getmişdi. Oradan Beyləqana, ardınca Cəbrayıl istiqamətində döyüşə yollandı. Sonra da xəbər çıxmadı. Əsgər yoldaşlarının sözlərinə görə, sonuncu dəfə kütləvi şəkildə mühasirəyə düşmüşdülər. Çayı keçərkən çayda vurulublar. Qardaşım İmişlidə naməlum əsgər kimi dəfn edilibmiş. Müvafiq qurumlar DNT analizi ilə müəyyən etdilər ki, həmin məzarda dəfn olunan Mübarizdir".
Qeyd edək ki, Hüseynov Mübariz Sabəddin oğlu 1970-ci ildə Ermənistanın Kalinino rayonunun Qızıl Şəfəq kəndində anadan olub. 1993-cü ildə Cəbrayıl şəhərində itkin düşüb.