Birinci Qarabağ müharibəsində itkin düşdüyü ehtimal edilən, 32 ildən sonra dəfn yeri və kimliyi müəyyən olunan şəhid Rüstəmov Cəlal Əbdülhəkim oğlunun qalıqları dəfn olunub.
APA-nın Şirvan bürosu xəbər verir ki, Cəlal Rüstəmovun nəşinin qalıqları bu gün İsmayıllı rayonunun Mican kəndinə gətirilib. Burada şəhidlə vida mərasimi keçirilib. Vida mərasimində şəhidin ailə üzvləri, qazilər, rayon İcra Hakimiyyətinin, hüquq-mühafizə orqanlarının əməkdaşları, ictimaiyyət nümayəndələri iştirak ediblər.
Şəhidin nəşinin qalıqları Mican kənd qəbiristanlığında torpağa tapşırılıb. Hərbi orkestr Dövlət Himnini ifa edib, yaylım atəşi açılıb.
Qeyd edək ki, Rüstəmov Cəlal Əbdülhəkim oğlu 1992-ci ildə Birinci Qarabağ müharibəsində Ağdərə rayonu uğrunda gedən döyüşlərdə itkin düşmüş sayılırdı. Onun Tərtərdəki Şəhidlər xiyabanında naməlum şəhid kimi dəfn olunduğu aşkarlanıb və kimliyi müəyyən edilib.