Bolqarıstanda 8 Noyabr - Zəfər Gününün ikinci ildönümü münasibətilə tədbir keçirilib.
Bu barədə APA-ya Azərbaycan Respublikasının Bolqarıstandakı səfirliyindən məlumat verilib.
Səfirliyinin təşkilatçılığı ilə noyabrın 8-də Bolqarıstanın paytaxtı Sofiya şəhərinin mərkəzi konsert zalında keçirilən tədbir Bolqarıstanın tanınmış musiqi sənətçiləri və Azərbaycanın əməkdar artistləri Sahib Paşazadə, İlham Nəzərov və beynəlxalq müsabiqələr laureatı Səidə Tağızadənin iştirakı ilə baş tutub.
Bolqarıstan hökumətinin rəhbər nümayəndələri, tanınmış ictimai-siyasi və mədəniyyət xadimləri, Bolqarıstanda akkreditə olunmuş diplomatik korpusun rəhbər şəxsləri, aparıcı media nümayəndələri, həmçinin Azərbaycan diasporunun üzvlərinin iştirakı ilə baş tutmuş konsertdə Azərbaycan və Bolqarıstanın xalq və bəstəkar mahnıları səsləndirilib.
Konserti giriş sözü ilə açan Azərbaycan Respublikasının Bolqarıstandakı səfiri Hüseyn Hüseynov 8 noyabr – Zəfər Gününün Azərbaycanın tarixində tutduğu önəmli yeri və rolu haqqında danışıb.
Qeyd olunub ki, 44 günlük Vətən müharibəsində Azərbaycan öz əzəli torpaqlarını beynəlxalq hüququn prinsip və normaları, BMT nizamnaməsi, Azərbaycanın işğal olunmuş ərazilərinin dərhal, tam və qeyd-şərtsiz olaraq azad olunmasını tələb edən BMT Təhlükəsizlik Şurası qətnamələri, eləcə də digər beynəlxalq təşkilatların müvafiq qərarlarına əsasən azad edib.
Səfir müharibənin başa çatmasının bölgədə yeni era – bərpa və quruculuq erasının başlamasına əsas verdiyini diqqətə çatdıraraq, işğaldan azad olunmuş ərazilərdə fəal şəkildə aparılan bərpa işləri haqqında məlumat verib. Bildirilmişdir ki, Azərbaycanın gələcəyə baxışı regionda davamlı sülhün, təhlükəsizliyin və inkişafın təmin edilməsini ehtiva edir.
8 Noyabr – Zəfər Gününün ədalət və haqqın qələbəsi olduğu vurğulanaraq, 44 günlük Vətən Müharibəsində Azərbaycan əsgərinin öz doğma yurdunun xarici işğaldan azad etmək uğrunda vuruşduğu qeyd olunub. Zəfər Azərbaycan xalqının birliyi, milli qüruru və ruhu, habelə qəhrəmanlığı və qətiyyəti sayəsində əldə olunub.
Konsert proqramında Azərbaycan və Bolqarıstan sənətçilərinin birgə ifası ilə Qərb və Şərq musiqi mədəniyyətinin tərənnüm edilməsinin multikulturalizm ideyaları və dəyərlərinin parlaq nümunəsi olduğu vurğulanıb.
Konsert çox saylı tamaşaçılar tərəfindən böyük maraqla izlənilib və davamlı alqışlarla müşayiət olunub.