Cəlilabadda qızılcaya yoluxan tələbələr evə buraxılıb.
TƏBİB-dən APA-nın sorğusuna cavab olaraq bildirilib ki, 2005-ci il təvəllüdlü (cinsi kişi), 2004-cü il təvəllüdlü (cinsi kişi), 2003-cü il təvəllüdlü (cinsi kişi) Cəlilabad rayon sakinləri müxtəlif tarixlərdə (müvafiq olaraq 15.11.2023-cü il, 23.10.2023-cü il, 04.11.2023-cü il) Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına müraciət ediblər.
Pasiyentlər ilkin tibbi yardım göstərilərək izoliasiya şəraitində ambulator müalicə üçün evə buraxılıb. Pasiyentlərin vəziyyəti mütəmadi olaraq nəzarətdə saxlanılıb.
Qeyd edilib ki, Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına qızılca xəstəliyi ilə bağlı ümumilikdə 10 nəfər müraciət edib. Onların hər biri ambulator şəraitdə müalicə alınması üçün evə buraxılıb. Rayonda epidemioloji vəziyyət stabildir.
ADPU Cəlilabad filialından APA-nın sorğusuna cavab olaraq bildirilib ki, 2023/2024-cü tədris ilinin I yarısında bütün ixtisas və kurslar üzrə təhsil alan 582 nəfər tələbədən 3 nəfəri qızılca xəstəliyinə yoluxub. Onlardan 2 (iki) nəfər 3 (üç) həftəlik karantin müddətin başa vurub, tam sağalaraq dərslərinə davam edirlər: "Bir nəfərin isə hazırda müalicəsi davam edir. Payız mövsümündə respirator xəstəliklərin çoxalmasını nəzərə alaraq Filialın tibb xidmət işçisi müntəzəm olaraq tələbələrin sağlamlıq vəziyyəti ilə yaxından maraqlanır və zəruri tədbirlər görülür. Filialın Cəlilabad rayon Gigiyena və Epidemiologiya Mərkəzi ilə dezinfeksiya müqaviləsi mövcuddur. Müqavilə əsasında Filialda mütəmadi dezinfeksiya işi aparılır ki, bu da tələbə və əməkdaşların sağlamlığının qorunması üçün zəruri proses hesab edilir".
***
13:06
Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Cəlilabad rayon filialının tələbələri qızılca virusuna yoluxub.
APA-nın cənub bürosunun əldə etdiyi məlumata görə, virus ilk olaraq 2004-cü il təvəllüdlü Rahil Tahir oğlu Şükürovda aşkarlanıb.
Bundan sonra bu virusa 2003-cü il təvəllüdlü Şahin Tərlan oğlu Mayılov, daha sonra onun qardaşı, 2005-ci il təvəllüdlü Adəm yoluxub.
Tələbələr, xəstəliklə bağlı Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına müraciət ediblər. Həkimlər onların səhhətinin yaxşı olduğunu bildirirlər.
Xəstəxanadan verilən məlumata görə, son bir ay ərzində 10 tələbə qızılca virusuna yoluxub.
Aləmdə Nəsib
İlkin Rzayev