Culfada məhv olmaq təhlükəsi ilə üzləşən balıqlar anbarın digər hissəsinə daşınır.
APA-nın Naxçıvan bürosu xəbər verir ki, Culfa rayonu ərazisində yerləşən Bənəniyar Su Anbarında suyun kəskin şəkildə azalması balıqların kütləvi məhvinə səbəb olub.
Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyi və Naxçıvan Meliotasiya və Su Təsərrüfatı ASC tərəfindən məhv olmaq təhlükəsi ilə üzləşən balıqlar su anbarının digər hissəsinə köçürülür.
Culfa Su Meliorasiya Sistemləri İstismarı şöbəsinin müdiri Yaqub Məmmədov deyib ki, bu il havaların kəskin quraq keçməsi, yağıntı miqdarının aşağı olması səbəbindən sututarlarında, anbarlarda kifayət qədər su toplanılmayıb. Bənəniyar Su Anbarına cəmi 1 milyon 330 min kubmetr su daxil, 5 milyon 920 min kubmetr çıxış olub. Buna görə suyun səviyyəsi kəskin şəkildə aşağı düşüb: "Anbarın ümumi həcmi 160 hektardır, ərazidə ayrı-ayrı adacıqlar vardır. Suyun səviyyəsinin aşağı düşməsi nəticəsində adadıcıqlarla gölün əsas hissəsi arasında əlaqə itdiyindən bəzi balıqlar oksigen çatışmazlığından tələf olub. Digərlərini xilas etmək üçün hazırda Fövqəladə Hallar, Ekologiya və Təbii Sərvətlər nazirlikləri və ADSEA-nın tabeliyində “Regional Su Meliorasiya Xidməti” publik hüquqi şəxsin Naxçıvan Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsinin əməkdaşları ərazidədir və bu işlə məşğuldurlar. Onlar daşınaraq gölün əsas hissəsinə ötürülür.
Əsas səbəb oksigen çatışmaqlıqlardır. Aidiyyəti qrum tərəfindən nümunələr götürülərək laboratoriyada analiz aparılacaq".
***
15 oktyabr, 18.45
Culfada su anbarında balıqlar kütləvi tələf olub.
APA-nın Naxçıvan bürosu xəbər verir ki, hadisə Bənəniyar kəndi yaxınlığında yerləşən Bənəniyar Su Anbarında qeydə alınıb. Buna səbəb kimi suyun kəskin şəkildə azalması göstərilir.