Dövlət Agentliyində Turkiyənin tikinti qurumunun əməkdaşları ilə görüş keçirilib

Dövlət Agentliyində Turkiyənin tikinti qurumunun əməkdaşları ilə görüş keçirilib
# 21 noyabr 2023 12:25 (UTC +04:00)

Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyində (TTNDA) Türkiyə Respublikası Ətraf mühit, Şəhərsalma və İqlim Dəyişikliyi Nazirliyinin Ali Texniki Şurasının üzvləri ilə görüş keçirilib.

FHN-dən APA-ya verilən məlumata görə, görüşdə TTNDA-nın rəisi Cəbrayıl Xanlarov, rəis müavini Elxan Əsədov və aidiyyəti mütəxəssisləri, Türkiyənin Ətraf mühit, Şəhərsalma və İqlim Dəyişikliyi Nazirliyinin Ali Texniki Şurasının üzvləri Seyfəddin Ayçiçək və Müzəffər Yıldırım iştirak edib.

Ötən il dekabrın 22-də Ankara şəhərində imzalanmış “Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında tikinti işləri sahəsində əməkdaşlığa dair Protokol”un icrası planına uyğun olaraq keçirilən görüş zamanı Türkiyənin tikinti sektorunda məşvərətçi funksiyalarını yerinə yetirən və tikinti obyektlərinin dəyərinin təyinində məsul qurum olan Ali Texniki Şuranın fəaliyyəti, gördüyü işlər, qardaş ölkədə qiymətqoyma sistemində məhsul (inşaat materialları) vahidlərinin qiymətlərinin təyini üzrə proqram təminatının və inşaat materialları istehsalçılarının vahid informasiya sisteminin (YAMUBIS) təyinatı, iş prinsipi, komponentləri və xüsusiyyətləri barədə məlumat verilib.

Həmçinin, Azərbaycan Respublikasında tikinti obyektləri üçün smeta-normativ və qiymətqoyma sisteminin formalaşdırılması, tikinti resurslarının cari qiymətlərinin monitorinqi və metodoloji əsasları barədə söz açılıb, tikinti obyektləri üçün qiymətqoymanın resurs metodu ilə smeta hesablamalarının aparılması məqsədilə nəzərdə tutlan “Smeta.ttnda.az” proqram təminatının təqdimatı edilib, bir sıra xarici ölkələrin normativ və qiymətqoyma sistemlərinin müqayisəli təhlili aparılıb. Bu istiqamətdə praktiki çalışmaların aparılmasına dair razılıq əldə olunub.

Qeyd edilib ki, dörd gün davam edəcək səfər çərçivəsində, həmçinin TTNDA-nın Təsisatdankənar Dövlət Ekspertiza Baş İdarəsinin Smeta şöbəsində tikinti layihələrinin smeta bölmələrinin ekspertiza prosedurları, Agentliyin tabeliyində olan layihə institutlarından birində tikinti layihələrinin smeta bölmələrinin tərtibi prosesi ilə əyani tanışlıq olacaq.

Bununla yanaşı, qurumlar arasında imzalanmış Memorandum çərçivəsində ölkələrin tikintidə smeta-normativ və qiymətqoyma sistemlərinin uğunlaşdırılması, ikitərəfli əməkdaşlıq üzrə növbəti addımların və prioritet istiqamətlərin müəyyənləşdirilməsi, layihələndirmə xidmətlərinin dəyərinin təyini və tikintidə qiymətqoymanın digər aktual problemləri ilə bağlı fikir mübadiləsi aparılacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR